“Boeing”dən mükafatlar qazanmış, “öz-özünü yaratmış” azərbaycanlı
"New Diaspora Of Azerbaijan" facebook səhifəsində Aydın Cəlilov haqqında çox az, lakin vacib məlumat verilib. 2017-ci ildən bəri ABŞ-da yaşayan gənc həmyerlimiz yaratdığı yeni metodologiyaya görə elə həmin il “Boeing” şirkəti tərəfindən “Qiymətli ixtiraya görə” mükafatına, növbəti il isə “Xüsusi ixtiraya görə” mükafatına layiq görülüb.
Bu gəncin dünyaca məşhur şirkətdə tanınma yolunun necə olduğunu və bu gün nə etdiyini bilmək maraqlı idi. Telefon danışığı zamanı Aydın Cəlilov keçdiyi yol və gələcək planları barədə danışıb.
- Aydın, zəhmət olmasa, özünüz haqqınızda bir az danışardınız. Harada təhsil almısınız, nələrlə maraqlanmısınız? “Boeing” şirkətinə gedən yolunuz necə olub?
- Əvvəlcə Bakıda 7 saylı orta məktəbdə, ardından Atatürk Liseyində oxumuşam. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. Magistraturaya eyni ixtisas üzrə daxil olaraq optimal idarəetmənin riyazi-iqtisadi metodları istiqamətini seçmişəm. O zaman magistraturada oxumaq hərbi xidmətdən azad etmirdi və mən orduya çağrıldım. Naxçıvanda xidmət etmişəm. Hərbi xidməti bitirdikdən sonra Dövlət Neft Akademiyasının magistratura pilləsində təhsilimi davam etdirmişəm. “R.I.S.K” şirkətində işləmişəm.
- Niyə məhz onu seçdiniz?
- “R.I.S.K.” GIS (GİS - geoinformasiya sistemləri) və hava naviqasiya sahəsində avtomatlaşdırılmış sistemlərin yaradılması, aeronaviqasiya geodeziyası, hava məkanının planlaşdırılması, alətlərin uçuş prosedurları, avianaviqasiya xəritələrinin yaradılması, aviasiya nəqliyyatı məlumatlarının idarə edilməsi ilə məşğul olurdu. Bir sözlə, məni maraqlandıran bütün istiqamətlərlə. Bu şirkətin bütün məhsulları ICAO standartlarına uyğundur və dünyanın bir çox ölkəsində istifadə olunur. Yeddi-səkkiz il ərzində “R.I.S.K”in proqramçılar komandasında çalışdım, təcrübə qazandım. Vəzifəmiz müştərilərə proqramlarımızı praktikada düzgün tətbiq etməyi öyrətmək idi. İşlədiyim şirkət sayəsində dünyanın 30 ölkəsində, demək olar ki, bütün qitələrdə oldum. Çox şey öyrəndim. Ancaq müştərilərlə ünsiyyət qurarkən onlara aviasiya proqramlarımızdan istifadə qaydalarını öyrədərkən özümün də bu barədə fikir sahibi olmağının zəruriliyini başa düşdüm. Buna görə də təhsilimi bu istiqamətdəki təhsil müəssisəsində davam etdirməyə qərar verdim.
- Bəs bu dəfə nəyi seçdiniz?
- Hava Hərəkətini İdarəetmə (ENAC) üzrə magistr dərəcəmi artıq Fransanın Tuluza şəhərində aldım. Orada çox intensiv təhsil sistemi var idi. Ardından altı aylıq staj keçmə dövrü. Beləcə Monreala getdim. Nəzəri və praktiki təcrübələr zamanı öyrəndiklərimi ümumiləşdirərək yeni metod təqdim etdiyim yazı yazdım. Onun mahiyyəti gələn təyyarələr üçün ziddiyyətlərin aradan qaldırılmasını və səmərəli və təhlükəsiz alternativ marşrutların yaradılmasını təmin etmək idi. Beləliklə, hava məkanının quruluşunun və marşrutlarının yaxşılaşdırılması üzrə etalon ssenari yaradıldı. Ancaq elə oldu ki, Fransada sertifikat almaqla eyni vaxtda Briləşmiş Ştatlara keçid olan “green card” qazandım.
Стивен Кример, директор ICАО
- Beləcə ABŞ-a köçdünüz?
- Yox, Bakıya, “R.I.S.K” şirkətinə qayıtdım və orada işləyə-işləyə məni işə götürə biləcək ABŞ şirkətləri ilə maraqlandım. CV göndərdim, dəvət gözlədim. Dəvəti “Boeing”in Atlantadakı (Corciya ştatı) törəmə şirkəti olan “Jeppesen”dən (“Jeppesen” çoxdan ehtiyac duyan bütün istehlakçılara və hər şeydən əvvəl təyyarələrin uçuş heyətinə aeronaviqasiya məlumatları (ANI) verməkdə tanınmış dünya lideridir – red.) aldım. Qısaca onu deyim ki, şirkət maraqlarım daxilində olan hər şey ilə məşğul idi. Uçuş təhlükəsizliyinin təmin edilməsi problemi üzərində işləyərək, aviasiya mütəxəssisləri ilə ünsiyyət quraraq onların problemlərini öyrəndim. Bunlardan biri, aviadispetçerlərin işi məsələsi idi. Bildiyiniz kimi, bu iş böyük psixoloji gərginlik ilə xarakterizə olunur ki, bu da uçuşların təhlükəsizliyi məsələlərinə təsir edir. Hava trafikinə nəzarət prosesini avtomatlaşdırmaq lazım idi və onun həlli üçün müəyyən fikirlərim var idi. “Boeing”də yenilikçi düşüncəyə, işə qeyri-standart yanaşmalara böyük əhəmiyyət verilir. Əvvəlki təcrübəm əsasında hazırladığım konsepsiya nəzərdən keçirildikdən sonra qiymətli ixtiraya görə “Boeing Merit Award”, bir il sonra isə xüsusi ixtiraçı mükafatına “Special Invertor Award” mükafatlarına layiq görüldüm. “Boeing”də olduğum müddətdə yalnız hava naviqasiyası və mürəkkəb hava trafiki problemlərinin həlli sahəsindəki bacarıqlarımı artırmadım, həm də aparıcı amerikalı mütəxəssislər ilə birlikdə proqram təminatının hazırlanmasında iştirak edə bildim.
Bu şirkətdə bir müddət çalışdıqdan sonra öz şirkətimi yaratmağı qərara aldım. ABŞ-da bu, çox da çətin məsələ deyil. Mütəxəssisləri hava məkanını təkmilləşdirməyə çalışan Qətərlə ilə layihəm var. Qətərlə müqavilə bağlamağımda bu ölkədə məhsullarından istifadə olunduğu sabiq iş yerim – “R.I.S.K” şirkəti mənə kömək etdi. Bu gün yeni geosiyasi mühitdə onlar yeni optimallaşdırma metodları axtarırlar və mən bu istiqamətdə işləyirəm. Eyni zamanda, dövlət şirkəti – Virciniya ştatındakı Milli Tədqiqat Mərkəzi ilə də işləməyə başlamışam.
- Hər zaman yeni şeylər öyrənmək ağır deyil? Başqa bir şeyə, hobbinizə, şəxsi həyatınıza vaxtınız qalırmı?
- Məşğul olduğum sahənin yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyacı var. İnformasiya texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində getdikcə daha çox istifadə edilməsi isə heç kimə sirr deyil. Şəxsən mənə bu, çox maraqlı gəlir. Bu yanaşma mənə özümü, Amerikada deyildiyi kimi, “self made man” – özünü yaratmış müstəqil insan kimi hiss etməyimə imkan verir. Ancaq bu deyilənlər başqa maraqlarımın olmaması demək deyil. Dünya ölkələrinə səfərlər mənə fotoqraflıqla məşğul olmaq fürsəti verib, çünki gördüklərimi, heyran qaldıqlarımı, heyranlıq doğuran şeyləri yaddaşımda saxlamaq istəmişəm. Müxtəlif idman növləri, xüsusən də boksda fəal məşğul olmuşam. Şəxsi həyatıma gəlincə, yalnız nişanlı olduğumu deyə bilərəm.
- Bəs Azərbaycanla münasibətiniz nə qədər möhkəmdir?
- Bu münasibətlərə heç ara verilməyib ki. Valideynlərim, dostlarım, həmkarlarım Azərbaycanda yaşayırlar. Orada baş verən hər şey məni çox həyəcanlandırır. Şuşanın azad olduğunu öyrənəndə çox şad oldum. Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışlarını onlayn izləyirdim. Ştatlarda təzə olduğumdan buradakı həmvətənlərin çoxu ilə hələ də tanış deyiləm, üstəlik, Atlantada onlar elə də çox deyil. Ancaq ermənilərin internetdəki paylaşımlarını izləyirdim və onların yalan iddialarını təkzib edən materiallar təqdim etməklə informasiya müharibəsində iştirak etməyə çalışlrdlm. Torpaqlarımız azad edildiyinə görə çox şadam.