Sənaye

Azərbaycanda faydalı qazıntı yataqları hərrac yolu ilə istismara veriləcək

Azərbaycanda ilk dəfə faydalı qazıntı yataqlarının hərrac yolu ilə istismara verilməsi nəzərdə tutulub.

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə açıqlamasında bildirilir.

Məlumata görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılıq əldə olunub. Məqsəd bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadi mühitin genişləndirilməsi, təbii resursların səmərəli istifadəsi, ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasıdır.

İlkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdəki faydalı qazıntı yataqları yenidən qiymətləndirildikdən sonra həmin yataqların da qanunvericiliyə əsasən hərrac vasitəsilə istismara verilməsi planlaşdırılır.

Hərracın şərtləri, istifadəyə veriləcək faydalı qazıntı yataqları barədə ətraflı məlumat əvvəlcədən ƏMDX-nın internet səhifəsində (emlak.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) yerləşdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)