Sosial iqtisadiyyat

İspaniya dörd günlük iş həftəsi layihəsinə başladı

İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyinin mütəxəssisləri, o cümlədən mərkəzi sol “Mas Pais” partiyasının nümayəndələri işçilərin əmək haqqını kəsməmək şərti ilə iş yerlərini 4 günlük və ya 32 saatlıq həftəyə keçirmək üçün pilot layihənin təfərrüatları üzərində işləməyə başlayıblar.

Banker.az bu barədə “Forbes.ru”a istinadən xəbər verir.

Məsləhətləşmələr zamanı “sosial dialoq yolu ilə məhsuldarlığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və işçilərin sağlamlığını yaxşılaşdırmaq üçün iş gününü qısaltmaq istəyən” şirkətlərə dəstək planı hazırlanmalıdır.

İş məsləhətləşmələri İspaniya hökumətinin keçən həftənin sonunda 4 günlük iş həftəsinin faydalarını sübut edən pilot layihəsini təsdiqləməsindən sonra başlayıb. Təcrübə çərçivəsində hökumət işçilərin əmək haqqını kəsmədən 32 saatlıq iş həftəsinə keçməyə razılıq verən şirkətlərə dəstək üçün 50 milyon avro ayıracaq. Bu vəsaitlərin İspaniyanın Covid-19 ilə mübarizə aparmaq üçün Avropa fondlarındakı payından götürüləcəyi planlaşdırılır.

Pul “klinik sınaqlar” iştirakçılarına (hökumət pilot layihəsini belə adlandırır) birbaşa yardım şəklində veriləcək. Layihə iştirakçıları üçün əsas tələblərdən biri əmək haqqını azaltmadan iş saatlarının sayının həftədə 32-yə endirilməsidir. İş həftəsini iş saatlarını gündə 10-dək artırmaq yolu ilə qısaltmaq məqbul sayılmır.

Madriddəki “La Francachela” restoranlar şəbəkəsinin sahibi Mariya Alvares 4 günlük iş həftəsinə keçmək ideyasının “ağıla sığmayan” olduğunu hesab etmir. Onun sözlərinə görə, iş həftəsinin qısaldılması çox yaxşı nəticələr verməklə yanaşı, məhdudiyyətlər fonunda iş təşkilatına kömək edir. “Böhrandan çıxmaq üçün böyük tədbirlərə və möhtəşəm fikirlərə ehtiyacımız var”, – deyə Mariya qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)