Dövlət bankı "pandemiya ili"ndən necə çıxdı? - TƏHLİL
Ölkənin ən iri dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) ASC 2020-ci il üzrə göstəricilərində diqqətçəkən bir neçə xüsusi məqam var. İlk növbədə qeyd edək ki, məhz ötən il bank dövlət borc öhdəliklərindən bir hissəsini də geri alaraq, borcunun həcmini qismən azaltdı. Eyni zamanda, pandemiyanın nəticəsində bank sektoruna dəyən zərbələr özünü dövlət bankında daha qabarıq göstərdi. İlk növbədə aktivlərin, depozitlərin həcminin azalması, əməliyyat aktivlərində və öhdəliklərində pul vəsaitlərinin hərəkətinin ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə azalmasını göstərmək olar.
Aktivlər niyə azaldı?
ENA.az olaraq, bankın fəaliyyətinin daha geniş təhlilini təqdim edirik. Öncə ABB üçün də mühüm göstərici sayılan aktivlərin tərkibinə baxaq. Qeyd edək ki, bankın aktivləri 2,8% azalaraq 8 milyard 962,793 milyon manat təşkil edib. Aktivlərdə ən böyük pay kredit portfelinə məxsusdur. 2020-ci ildə bankın kredit portfeli 9,9% artaraq 2 milyard 609,1 milyon manata çatıb. Başqa sözlə, aktivlərin 29%-ini kreditlər təşkil edir. Və bu öz növbəsində bankın kreditləşmədəki zəif rolunun hələ də qaldığını bir daha göstərir. Əlbəttə, bunu bankın ötən tarixçəsini nəzərə alaraq ehtiyatlı kreditləşmə siyasətini davam etdirməsi ilə əlaqələndirmək olar. Aktivlərin həcmindəki azalmanın səbəbini axtarsaq görərirk ki, ABB-nin başqa maliyyə qurumlarındakı depozitlərinin həcmi kəskin, nağd vəsaitlərinin həcmi isə qismən kiçilib. Belə ki, bankın nağd vəsaitləri 25 milyon 249 min manat, başqa maliyyə qurumlarındakı depozitlərinin həcmi isə 731 milyon 923 min manat azalıb. Yəni, ABB-də depozitlərini geri çəkib.
İstehlak krediti yenə liderdir
Kreditlərin tərkibinə baxsaq, gəlirlilik üzrə ölkəmizdə hələ də nömrə bir olan istehlak kreditləri 17,9% artımla liderdir və əhaliyə 599,93 milyon manat borc verilib. Biznes kreditləri 5,8% artaraq 1 milyard 323,361 milyon manat, daşınmaz əmlak krediti 11,5% artaraq 685,809 milyon manat təşkil edib. Aktivlərin ən çox cəmləşdiyi digər bölmələr nağd pullar, digər banklar və maliyyə qurumlarındakı vəsaitlərdir ki, bunların həcmi 5 milyard manatdan çoxdur. ABB də digər banklar kimi passiv bazar olan qiymətli kağızlardan gəlir götürmək üçün yatırımlarını 1 milyard 267 milyon manata qədər artırıb.
Şirkət hesabları hələ də "əriyir"
Hesabat ilinin sonuna bankın öhdəlikləri 3,1% azalaraq 7 milyard 636,19 milyon manata düşüb. 2020-ci il dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 1,5% azalaraq 5 milyard 549,577 milyon manat təşkil edib. İlin əvvəlindən başlayan depozitlərin sürətlə ərimə tendensiyası sonuncü rübdə qismən azalsa da davam edib. Rəqəmlərdən görünür ki, əhalinin əmanətləri 8,6% artaraq 1 milyard 290,279 milyon manat olub. Bu isə onu göstərir ki, birinci növbədə azalma sahibkarların hesablarındadır və bu tendensiya hələ də qalır. Əhalinin əmanətlərinin artımına gəlincə, ölkənin baş bankirinin “tövsiyyəsi” ilə əhali bağlanan banklardan çıxartdıqları pulları dövlət bankına əmanət etdi və nəticədə bu porfel böyüdü. Öhdəliklərdə ABB-nin Mərkəzi Bankdan ilin əvvəlində aldığı 115 milyon manat borc da qalır.
Borcunu ödəyib, kağızları geri aldı
Yuxarıda qeyd etdiyimiz kimi, ABB-nin borc qiymətli kağızlarının həcmi 1, 700,000.00 min manatdan 1,676,200.00 min manata düşüb. Bu o deməkdir ki, kağızların daha bir tranşı 23 milyon 800 min manatlıq hissəsi geri alınıb. Hesabatdan görünür ki, geriyə alış 3-cü rübdə iyul-sentyabr aylarında baş verib və vəziyyətin gərgin olduğu dövrdə qiymətli kağız sahibləri yəqin ki, özünü sığortalamaq üçün onu banka geri satmaq qərarı veriblər. Xatırladaq ki, həmin borc qiymətli kağızları Dövlət Neft Fondunun ABB-ni xilas etmək üçün verdiyi borcdur və bu vəsaitlər qiymətli kağızlar formasında rəsmiləşdirilib.
Adekvatlıq əmsalı yüksəkdir
31 dekabr 2020-ci il tarixinə bankın kapitalı 1 milyard 326,602 min manat (azalma 1%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata (dəyişməyib) bərabərdir. Məcmu kapitalı isə 1 milyard 214 milyon 929.25 min manat təşkil edir. Bankın məcmu kapitalının adekvatlıq əmsalı isə 31.57% olmaqla, çox yaxşı göstərici hesab edilir. Bankın bölüşdürülməmiş mənfəəti mənfi dinamikaya keçib və -20 milyon 489 min manat olub. Halbuki, ötən ilin sonunda 118 min manat bölüşdürülməmiş mənfəəti vardı. Qeyd edək ki, ABB hələ 2018-ci ilin yekunlarından sonra dividend ödənişi ilə bağlı məlumatlar vardı. Görünür, bank bu ödənişləri edir, xüsusən də 2020-ci ildə bankın büdcəyə ödənişlərinin həcminin artdığı bildirilir. ABB dövlət bankı olduğu üçün dövlətin əli sıxışanda ilk üz tutduğu maliyyə mənbəyi olaraq qalır.
Mənfəəti 2,3 dəfə azaldı
ABB 2020-ci ili 129 milyon 391,15 min manat məbləğində xalis mənfəətlə başa vurub bu, 2019-cu ilə nisbətən 2,3 dəfə azdır. Ötən il ABB-nin gəlirləri 531,634 milyon manat olub ki, bu da 2019-cu illə müqayisədə 9,2% azdır. Xərclər isə 328,422 milyon manat, yəni 24,5% çoxdur. Burada xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ABB 2020-ci ildə koronavirus və Vətən müharibəsi ilə bağlı müxtəlif təyinatlı fondlara yüksək məbləğdə ödəmələri ilə diqqəti çəkir və görünür bu xərclər də nəticəyə ciddi təsir edib.
Bankın xüsusi ehtiyatlara ayırmalarına gəlincə, əvvəlki ildə olduğu kimi 20,392 milyon manat həcmində qalıb. Mənfəət vergisi ödəmələri isə 53,429 milyon manat təşkil edib ki, bu da bir əvvəllə müqayisə 26,3% azdır.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.