Xarici ticarətdə Azərbaycanın müsbət saldosu 50% azalıb
Azərbaycanın xarici ticarətində müsbət saldo 2020-ci ildə təxminən 50% azalıb. Dövlət Gömrük Komitəsinin açqladığı məlumata görə, Azərbaycanın 2020-ci ildəki xarici ticarət saldosu 3 milyard 9 milyon 847.41 min dollar olub ki, bu da 2019-cu illə müqayisədə 49.6% azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 471 milyon 287,85 min dollar olub və bu 2019-cu ilə nisbətən 26,5% azalma deməkdir. Eyni zamanda, hesabat dövründə ixracat 30% azalaraq 13 milyard 740 milyon 567.63 min dollar, idxal 21.5% azalaraq 10 milyard 730 milyon 720.22 min dollar təşkil edib.
İxracın strukturunda əsas həcm - 86,53%-i neft-qaz sektoru məhsullarının payına düşür. İdxalın strukturunda ərzaq məhsulları 15,29%, tütün və tütün məmulatları - 0,8%, əczaçılıq məhsulları - 3,51%, gübrələr - 0,94%, plastik məhsullar və onlardan hazırlanan məhsullar - 3,22%, ağac və ondan məhsullar - 2,41%, paltar və geyim ləvazimatları - 1,92%, qara metallardan və onlardan hazırlanan məhsullar - 8,82%, maşınlar, mexanizmlər, elektrik aparatları, avadanlıqlar və onlar üçün ehtiyat hissələri - 23,63%, nəqliyyat vasitələri və ehtiyat hissələri - 14.43%, mebel - 0.75%, digərləri - 24.28%. 2020-ci ildə xarici ticarət əməliyyatları 8,251 min dövlət və özəl müəssisə, 37,211 min fərdi əhatə etmişdir.
Hesabat dövründə Azərbaycan 183 ölkə ilə ticarət əməliyyatları həyata keçirib. 2020-ci ildə Azərbaycan əsas ixracat əməliyyatlarını İtaliya (ümumi ixracatın 30,36%), Türkiyə (18,91%), Rusiya (5,16%), Yunanıstan (3,81%), Xorvatiya (3,43%), Gürcüstan (3.36% ), Hindistan (3.32% ), İsrail (3.18%) və Çin (3.15%) ilə aparıb. Azərbaycan əsas idxal əməliyyatlarını Rusiya (18.29%), Türkiyə (14.57%), Çin (13.18%), ABŞ (5.93%), Almaniya (5.44%), Fransa (4,18% ), Ukrayna (3.9% ), İtaliya (3.69%), İran (2.8%) və Böyük Britaniya (2.77%) ilə həyata keçirib.