Bank

Mərkəzi Bank bu həftə əlavə pul kütləsini niyə yığmadı: manata təzyiqi artıra bilərmi?

Azərbaycan Mərkəzi Bankının həftəlik depozit hərraclarından imtina etməsi barədə qərar qəbul etdiyi barədə məlumatlar var. Valyuta hərracında tələbin 142 milyon dollara yüksəlməsindən sonra ən çevik alət kimi depozit hərracının keçiriləcəyi gözlənilsə də, cbar.az saytında belə bir elan yoxdur. Bu isə deyilənlərin həqiqətə yaxın olduğunu göstərir.

ENA.az xəbər verir ki, AMB 2016-cı ilin iyun ayından etibarən depozit hərracları keçirir. Eyni zamanda, hər həftə depozit hərracına 100-200 milyon manat çıxarılıb. Bu ildən isə requlyativ əməliyyatların effektivliyinin artırılması, onların həcmlərinin tənzimlənməsi və pul bazarının inkişafını dəstəkləmək məqsədilə AMB-nin əməliyyat çərçivələri və likvidliyin idarə edilməsinə yeniliklər etdiyi deyilir. Yeniliklərdən biri də odur ki, depozit hərracları artıq standart qrafikə uyğun olaraq deyil, yalnız zərurət yaranacağı halda təşkil olunacaq.

Əvəzində isə AMB notların yerləşdirilməsinə üstünlük verəcək və bu yolla banklararası pul bazarını inkişaf etdirəcək.

İqtisadçı Rəşad Həsənov da depozit hərracları ilə bağlı Mərkəzi Bankın rəsmi açıqlamasının olmadığını qeyd edərək, ötən günkü vəziyyətdən yəni, dollara tələbin 142 milyona çatmasından sonra bankların likvid vəsaitlərini hansısa formada yığılmalı olduğunu deyir. Valyuta bazarında tələbin 2 dəfə artmasından sonra Mərkəzi Bank həmin vəsaitləri depozit olaraq götürməsə bu pullar valyuta bazarına yönəlib dollara tələbi artıracaq. Bu isə Mərkəzi Bankı daha çətinə sala bilər. 

R.Həsənovun sözlərinə görə, ola bilər ki, hökumətdə bankların izafi likvidliyini yollar axtarıb iqtisadiyyata yönəltsin kimi fikirlər var, amma bugünkü konyuktur bu fkiri dəstəkləməyəcək. Çünki bazar problemlidir, sahibkarların çoxunun maliyyə-təsərrüfat vəziyyəti pisləşib və bəziləri defoltun astanasındadır. Vətəndaşların və şirkətlərin kreditləri qaytarma imkanları aşağı düşüb.

"Əslində hələ də Mərkəzi Bankın hərracları ləğv etməsinə dair ciddi dəlillərim yoxdur. Ancaq izafi likvidliyin sterilizasiya olunmaması manatın məzənnəsinin qorunmasına təzqiyləri artıracaq".

Mərkəzi Bankın sterilizasiya məqsədilə notlara üstünlük verməsinə gəlincə, bu müəyyən qədər mümkündür və ekspert də bu fikirdədir. "Amma depozit hərracı daha çevik alətdir. Valyuta alışına yönəldiləcək vəsaitin bir gün əvvəl dövriyyədən çıxarılması daha effekjtiv idi. Notlar vasitəsilə vəsaitinin dövriyyədən kənarlaşdırılması mümkündür, ancaq effektivliyi barədə konkret fikir səsləndirmək çətindir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)