Şəxsiyyət vəsiqələrindəki e-imza niyə aktivləşmədi?
Yeni nəsil şəxsiyyət vəsiqələrindəki elektron imzanın aktivləşməsi naməlum səbəblərdən uzun müddətdir ki, gecikir.
ENA.az-ın verdiyi xəbərə görə, bunu ekspert Osman Gündüz bildirib.
O qeyd edib ki, bir neçə gün öncə Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqələri ilə gedə biləcəyi açıqlanıb: “Bu isə "yeni nəsil" şəxsiyyət vəsiqələrinin hələ də "köhnə nəsil" olaraq qaldığını bir daha xatırlatdı. Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı 2014-cü ilin noyabrında Prezident sərəncam verib. Uzun müddət səlahiyyətli qurumlar Sərəncamdan irəli gələn vəzifələri vaxtında icra edə bilməyiblər. Prezident sərəncamları ilə bu müddət bir neçə dəfə uzadılıb. Nəhayət 2018-ci ildə Yeni nəsil şəxsiyyət vəsiqələrinin ilk nümunəsi Prezidentə təqdim edilib. Bir müddət sonra vətəndaşlara da bu sənəd təqdim edilməyə başlanıb.
Lakin məlum olub ki, verilən vəsiqələr "yeni nəsil" deyilmiş. Belə ki, verilən vəsiqələrin çipində yerləşdirilən e-imzalar indiyədək də aktivləşdirilməyib. Və ən qəribəsi də odur ki, heç kim bunun səbəbini açıqlamayıb. Vəsiqədə yerləşdiriləcək imzadan istifadə ilə bağlı müəyyən olunacaq rüsumun məbləği də bir xeyli müzakirə olunsa da, yekunda konkret razılıq əldə olunmadı.
E-imzaya cavabdeh qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi açıqlama vermişdi ki, vəsiqələrdəki e-imza ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Düşünürəm ki sərəncamda qeyd olunan səlahiyyətli qurumlar, NRYTN, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi bir araya gəlib bu problemi həll etməlidirlər. Bu problemin həlli ölkədə rəqəmsal transformasiyanı xeyli sürətləndirə bilər”.