Qarabağ

Muradovla Araikin müzakirələrə səbəb olan qucaqlaşması...

Rusiya sülhməramlıları ilə bağlı məlum xəritə narahatlığı bitdi. Azərbaycan Ordusunun nəzarət etdiyi hissəyə uzadılmış “əyri burun” xəritədən silindi. 44 günlük müharibə Azərbaycan cəmiyyətində elə bir həssaslıq yaradıb ki, indi də bir qarış torpaq, bir kənd uğrunda yenidən silaha sarılmağa hazırdır.

Xocavənd rayonunun iki kəndi - Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yolların niyə bu qədər strateji əhəmiyyəti olduğunu qısaca izah etməyə ehtiyac var. Məlumdur ki, Füzulidən Şuşaya yol çəkilişinə başlanıb. Belə görünür ki, yaxın üç ildə Cəbrayıl yoluna çıxmaqla Laçın koridoruna keçib Şuşaya getmək mümkün olmayacaq.(Halbuki koridoru həftənin üç günü azərbaycanlıların istifadəsinə vermək müzakirə ediləcək mövzu ola bilər). Bu səbəbdən çəkilişinə başlanan Şuşa yolu, onun keçəcəyi marşrutun təhlükəsizliyi həyati əhəmiyyət kəsb edir. Xəritədə həmin “əyri burunun” reallaşması ermənilərin (həm də silahlılarının) o ətrafda qalması, olduqca təhlükəli proseslərin başlanğıcı, eləcə də sülhməramlıların Şuşa yolunu nəzarətə götürməsi demək olardı. Bunu Azərbaycan hakimiyyətinin tez bir zamanda Moskva ilə diplomatik yollarla həll etməsi təfərrüata varmadan, Bakının aktivinə yazılmalıdır.

“Rusiya məsələsi” həmişə həssas mövzu olub, indi isə sözün həqiqi mənasında Azərbaycanın döyünən ürəyində rusiyalı əlisilahlı əsgərlər var. Bu səbəbdən Rusiya sülhməramlı qoşunlarının hər bir addımı ciddi həssaslıqla izlənəcək və bu ən azı yaxın 5 ildə belə davam edəcək.

Sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradovun erməni hərbi əsirləri gətirərkən quldurbaşı Araik Arutyunyanla bir-birlərinə sarılması da narazılıq yaradıb. Biz ya bilərəkdən, ya da səmimi olaraq belə düşünürük ki, general Muradov bizim hərbçilərlə sıcaq görüşə, şəkil çəkdirə, süfrəmizə ürəklə otura bilər, amma erməniləri görəndə onlardan ya yan qaçmalı, ya da üz-gözünü turşutmalıdır. Bəlkə də məsələn, onu qucaqlayan Araikin arxasına bir hərbçi dürtməyi  vurmalıdır. Yəni biz Rüstəm Muradovun Putinin təyin etdiyi Rusiya ordusunun generalı, peşəkar hərbçi olduğunu sanki unuduruq. Deyirik ki, haqlı olduğumuz, bizim torpaqda, hətta müsəlman(tabasaran) olduğu üçün də yalnız bizim generallarla görüşməli, bizim hərbçilərin süfrələrinə dəvətini qəbul etməli, bəlkə də  sağlığımıza tost deməlidir. Sovet vaxtı hərbi xidmətdə olan azərbaycanlıların “komandirin qızı ilə sevgi məcaraları” haqda danışdıqları hekayələr dövrü lap çoxdan keçib axı... Nə Rusiya ordusu SSRİ ordusuna, nə rus həmin rusa bənzəyir. İndi Rusiya dünyanın supergücləri ilə kəllələşən, ordusunu hər an müharibəyə hazır vəziyyətə gətirməyə qadir olan ciddi gücə söykənən ölkədir.

Araik terrorçudur, Azərbaycan xalqının qanını töküb.  Amma Rusiya sülhməramlılarına onu Xankəndində divara dirəyib güllələmək əmri verilməyib. Verilsəydi, Araik və onun ətrafı indi “o dünyada” etdikləri cinayətlərə görə tonqalda yanardı. Amma demirəm ki, onlara Araik(və ya digər erməni cinayətkarları) öpmək kimi göstəriş də var. Əlbəttə ki, belə göstəriş də yoxdur. Rusiya sülhməramlıları hansısa tərəfi tutarsa, bu missiya alınmayacaq, daima gərginliklər olacaq. Bu isə daha çox Qarabağa və regiona qalıcı sülhün gəlməsində hələ də maraqlı olmayan Ermənistanın istəyinə uyğundur. Bu səbəbdən bizi Rusiya sülhməramlıları ilə üz-üzə gətirməyə hələ çox çalışacaqlar.   

Rusiya sülhməramlılarının missiyasından kənara çıxdığı haqda çoxlu xəbərlər var. Ermənilərə ev tikməkdə kömək edirlər, həkimləri xəstələrinin yanına iynə vururlar, psixoloq qrupları Ermənistandan qayıtmış qaçqınlara “qorxma-qorxma” deyib dəstək verirlər. Bu gün isə Laçında konsert də veriblər. Ermənilər də rusların gözünə girmək, özlərini şirin göstərmək üçün ənənəvi yaltaqlıq xislətlərinə qaz veriblər. Küçədə xidmət edən əsgərlərə şirniyyat, isti yemək gətirirlər. Bir foto isə diqqətimi xüsusi çəkdi. Erməni məktəbli rusiyalı sülhməramlının ona verdiyi silahı elə onun özünə tuşlamışdı. Erməni millətinin əslində kimliyini göstərən simvolik şəkildir...

Bizim o narahatlığımız da var ki, birdən ermənilər rusları orada “bişirib” öz tərəflərinə çəkərlər, silahlanarlar, hətta ermənilər üçün “yeni ərazilər geri alarlar” və sair...Narahatlıq anlaşılandır, nə qədər ki, sülhməramlılar o həssas bölgədədirlər, narahatlığımız keçməyəcək də, qoy keçməsin də. Həmişə diqqət edək, baş verən prosesləri təhlil edək.

Təəssüf ki, bəzi siyasi korazehinzlərin, erməni dəyirmanına hələ də su daşıyanların insanlarımızda əsassız narahatlıq yaratmaq cəhdləri var. Azərbaycan Prezidentinin rəhbərliyi altında Ordumuz elə bir misilsiz uğur qazanıb ki, buna “sülhməramlılar gəldi, qələbəmiz yarımçıq qaldı”, “Rusiya Qarabağda hərbi baza yaradacaq” kimi iddialarla kölgə salmaq mümkün deyil. Prezident Əliyev həm də elə bir uğurlu siyasi kombinasiyalar, strategiya hazırlayıb ki, bunu heç bir kənar qüvvə poza bilməyəcək. Amma belə narahatlıqların, gərginliklərin, hətta təxribatların gələcəkdə də olması mümkündür.        

Biz bir məsələni də unutmamalıyıq ki, Rusiyanın siyasi elitası-yəni ümumi götürsək, Kreml ilə ölkənin güc strukturları- generaliteti arasında müəyyən məsələrdə fikir ayrlığı, ziddiyyətlər olur. Rusiyanın Müdafiə Nazirliyinə Prezident Putinə çox yaxın bir şəxsin, hətta onun varisi olacağı deyilən Sergey Şoyqunun rəhbərlik etməsi hələ o demək deyil ki, bu strukturda baş verənlərə bütün detallarınadək nəzarət etmək mümkündür. 150 milyonluq Rusiyanın Müdafiə Nazirliyi nəhəng bir stukturdur.  Baş Qərargah rəisi istisna olmaqla, Şoyqunun 11 müavini (biri də qadındır) var. Maraqlananlar internet seqmentindən baxa bilər: Qarabağdakı sülhməramlı missiyasının tərkibindəki texnikadan tutmuş, kommunikasiya, maliyyə, psixoloji yardım, həkim-sanitar mərkəzləri ən azı dörd nazir müavini tərəfindən kurasiya olunur. Yəni xəritədə edilən təxribatı dərhal Rusiya Prezidentinin və ya ordu rəhbərinin vicdanına yazmaq, hətta “gördünüz, biz deyirdik axı Rusiya...” kimi uzaqgedən nəticələr çıxarmaq mövzuya peşəkar yanaşma deyildi. Bəli, Rusiya ordusu bizim içərimizdədir, amma bunun Moskvanın regionda qələbəsi olub-olmadığını, maraqlarının müdafiəsinə necə xidmət edəcəyini hələ zaman göstərəcək. Unutmayaq ki, Rusiya cəmiyyəti Suriya bataqlığına görə hələ də Kremli ittiham edir. Rusiyanın əsgər anları da övladlarının başqa ölkələrdə ölmələrinə, terrorçuların hədəfinə çevrilməsini arzulamır.

Bəli, Qarabağ Suriya deyil, amma ruslarla nəfəs-nəfəsə dayanan ermənilərin heç də hamısı onları səmimi olaraq qucaqlamaq istəmir. Əksinə, onları arxadan vurmaq üçün fürsət də gözləyirlər...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)