“Azercell”in səhmdarının xalis mənfəətində böyük azalma
“AzİnTelekom” 2017-ci ili 7 milyon 559 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, şirkət 2016-cı ili 10 milyon 346 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “AzİnTelekom”un xalis mənfəəti 36,9% azalıb.
"BI" şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il “AzİnTelekom”un göstərdiyi xidmətlərdən gəliri təxminən 4% artaraq 38 milyon 815 min manat təşkil edib. Şirkət 2016-cı ildə 37 milyon 357 min manat gəlir əldə etmişdi.
2016-cı illə müqayisədə isə xidmətlərin maya dəyəri 47,3% arataraq 19 milyon 243 min manat təşkil edib. Nəticədə, gəlirin artmasına baxmayaraq xidmətlərin maya dəyəri yüksəldiyindən xalis gəlir 2016-cı ildəki 24 milyon 292 min manatdan 2017-ci ildə 19 milyon 572 min manat düşüb.
İnzibati və digər xərclərdən sonra “AzİnTelekom”un 11 milyon 930 min manat xalis mənfəəti qalıb. Şirkət 4 milyon 372 min manat mənfəət vergisi ödəyib. Qeyd edək ki, 2016-cı illə müqayisədə“AzİnTelekom”un inzibati və əməliyyat xərcləri də artıb.
Xidmətlərin maya dəyəri və xərclər artdığından “AzİnTelekom”un xalis mənfəəti aşağı düşüb.
Qeyd edək ki, “AzİnTelekom” “Azercell Telekom” şirkətinin səhmdarlarından biridir. Bu il Mart ayında “Fintur” şirkəti özünün “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş” (Azertel) şirkətindəki 51.3 faizlik payını 221,7 milyon avroya Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azərbaycan Beynəlxalq Telekom" MMC-yə (AzİnTelecom) satıb. “Azertel” “Azercell”in tam səhmdarıdır.
“AzInTelecom” MMC Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, bulud əsaslı xidmətlər, Azərbaycan ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması xidmətlərini göstərir.