Sosial iqtisadiyyat

İsrail rezidentlərinin Azərbaycana sərmayə yatırması imkanları müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peerin rəhbərlik etdiyi heyətlə görüş keçirilib.

Mərkəzdən bildirilib ki, səfirliyin nümayəndələrinə İİTKM-in innovativ layihələri, o cümlədən “azexport.az” portalı, “EnterpriseAzerbaijan.com” portalı, Rəqəmsal Ticarət Qovşağı, “azerp.az” portalı və digər layihələr təqdim olunub.

Görüş zamanı İsrail rezidentlərinin Rəqəmsal Ticarət Qovşağı üzərindən Azərbaycana sərmayə yatırması imkanları haqqında danışılıb. Eyni zamanda, yerli məhsulları dünya bazarına çıxaran “azexport.az” portalı ilə İsrailin elektron ticarət platformalarının əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin “EnterpriseAzerbaijan.com” portalında olan startapların İsrail investorlarına təqdim olunması barədə razılıq əldə edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə İsrailin beyin mərkəzləri arasında əməkdaşlıq və bir sıra digər maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra səfirliyin nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olub. Onlara “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlara təqdim olunan xidmətlər barədə məlumat verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)