Qarabağ

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı - Razılaşmanın bəndləri

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İgor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Andre Şofer) bu gün bəyanat yayıblar.

"ENA"nın məlumatına görə, qurumun rəsmi saytında yayımlanan bəyanatda bildirilib ki, həmsədrlər oktyabrın 30-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda və birlikdə görüşüblər. 

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və BQXK Prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparılıb.

Həmsədrlər bir daha tərəfləri oktyabrın 17-si Paris və Oktyabrın 25-i Vaşinqtonda təsdiqlədikləri 10 Oktyabr Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.


Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən, tərəflər təcili əsasda bir sıra addımlar atmağa razı oldular. 

Razılaşmanın bəndləri:

- Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq;

- Tərəflər, BQXK və ATƏT-in şəxsi nümayəndəsinə asanlaşdırma üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların bərpası və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

- Tərəflər bir həftə ərzində BQXK və ATƏT-in şəxsi nümayəndəsinə giriş və nəticədə mübadilə təmin etmək məqsədi ilə saxlanılan əsirlərin siyahısını çatdıracaqlar;

- Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Qeyd edək ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlar mövqelərin aydınlaşdırılmasına yönəlik açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv şəkildə çalışmağa davam edəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)