BİZNES

"Monitorinqlər zamanı 15 şadlıq sarayı cərimələnib"

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə monitorinq və araşdırmalar aparılır. 

Nazirlikdən "BI"yə verilən məlumata görə, monitorinqlər zamanı ictimai iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən, 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Hazırda digər ictimai iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department