Azərbaycan banklarının hərraclara çıxartdığı milyardlar – CƏDVƏL
Azərbaycan banklarının hərraca çıxartdıqları manatın həcmində ciddi artım müşahidə olunur. ENA.az xəbər verir ki, sentyabr ayının ötən 15 günündə banklar Mərkəzi Bankın notlarını almaq və depozit hərracında iştirak etmək üçün hərraclara 2 milyard 671 milyon 564 min manat çıxarıblar.
Mövcud təcrübə göstərir ki, manatın məzənnə riskləri yarananda bankların manat təklifi yüksək olmur. Çünki banklar əllərindəki vəsaiti dollara çevirirlər. Məzənnə rksləri aradan qalxandan sonra isə depozit hərraclarında tələb-təklif arasındakı fərq bəzən 8-10 dəfəyə qədər artır.
Depozit hərracı
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bazarda risklər artıb və banklar vəsaitlərini yerləşdirə bilmir. Ötən müddət ərzində yığım nəticəsində toplanan aktivlər isə daha risksiz alətlər olan depozit hərraclarına və Mərkəzi Bankın notlarına yönəldilir. “Bu ilin mart ayında məzənnə riskləri artmışdı valyuta bazarında tarazlıq pozulmuşdu. Banklar vəsaitlərini xarici valyutaya çevirdilər və hərraclarda manatın likvidliyi aşağı düşdü”, - deyən iqtisadçı risklərin mərhələli şəkildə aradan qalxması nəticəsində manatla dövriyyə vəsaiti artır.
2021-ci ilin dövlət büdcəsində manatın məzənnəsinin 1.7000 ilə göstərilməsi də faktiki olaraq bankların daha rahat siyasət həyata keçirməsinə əsaslar yaradır.
Əmanətlərin həcminin azalması likvidliyə mənfi təsir etsə də, ancaq yığımlar bunu kompensasiya edir. Həmin yığımları banklar bazarda yerləşdirə bilmir, çünki iqtisadiyyatın tələbləri aşağı düşüb, iqtisadi subyektlərin əksəriyyəti fəaliyyətini əvvəlki kimi davam etdirə bilmir. Banklar şirkətlərin dövriyyə vəsaiti ilə bağlı çətinliklərinin maliyyələşdirilməsi üçün kredit xətti də açmağa həvəsli deyillər.
Depozit hərracına və Mərkəzi Bankın notlarına yerləşdirilən pullar isə iqtisadi cəhətdən səmərəli deyil. Depozit hərracları bazardan likvid aktivləri çıxararaq manatın üzərindəki təzyiqi aradan qaldırmaq məqsədi daşıyır. Eyni zamanda bankların gəlirliyinə dövlət dəstəyidir. Başqa sözlə, bu bank sektorunu subsidiyalaşdırmaq məqsədi daşıyır
.