MALİYYƏ

Banklara borcunu vaxtında ödəyə bilməyənlərin 87%-i biznesmenlərdir – MÜSAHİBƏ

2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Bu dövrdə Şuranın bir neçə iclası baş tutmuş, maliyyə sektoru ilə real sektor arasında birbaşa əməkdaşlığın qurulmasına və sahibkarları maraqlandıran bir neçə məsələnin həllini tapmasına səbəb olmuşdur.

ENA.az Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyevin “Biznes Həyatı” jurnalına verdiyi müsahibəni təqdim edir. 

- Alim müəllim, maliyyə bazarlarına nəzarət funksiyaları Azərbaycan Mərkəzi Bankına verildikdən sonra Mərkəzi Bankın ilk təşəbbüslərindən biri Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının yaradılması oldu. Xahiş edirəm, bu təşəbbüsün zəruriliyini şərh edəsiniz.

- Ölkəmizin sosial-iqtisadi inkişafı, makroiqitisadi və maliyyə sabitliyinin dayanıqlığının artırılması istiqamətində Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında görülən əhəmiyyətli işlər, genişmiqyaslı islahatlar, xüsusən məlum pandemiya şəraitində və neft qiymətlərinin kəskin düşməsi nəticəsində qlobal iqtisadiyyatın üzləşdiyi ağır böhranın milli iqtisadiyyatımıza təsirlərinin azaldılması, əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində iqtisadi tənzimləmə institutları və maliyyə sektorunun qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu xüsusda prioritet istiqamətlərdən biri də biznes sektorunun inkişafının maliyyə təminatının daha da gücləndirilməsi, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının davamlı yaxşılaşdırıllması ilə bağlıdır.

Məhz, qeyd olunan strateji çağırışları, xüsusilə özəl sektorun maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması zərurətini nəzərə alaraq məsələnin səmərəli və operativ həlli üçün hesab etdik ki, aktiv dialoq qurmaqdan əlaqəli tərəflərin bir masa ətrafında əyləşməsinə ehtiyac var. Bu ehtiyacdan çıxış edərək Mərkəzi Bankın nəzdində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının da iştirakı ilə sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması kimi Sahibkarlarla Əməkdaşlıq Şurasının yaradılması təşəbbüsünü irəli sürdük. Bu təşəbbüs çox müsbət qarşılandı və cari ilin əvvəlində belə bir Şura yaradıldı və aktiv fəaliyyətə başladı. Bu dialoq platforması sahibkarların gündəlik fəaliyyətlərində qarşılaşdıqları problemlərin, real sektor müəssisələrinin maliyyə sektoru, xüsusilə banklarla qarşılıqlı fəaliyyətlərində meydana çıxan çətinliklərin həlli yollarının tapılmasına, nəticədə biznesin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasına şərait yaradır. Sahibkarlarla maliyyə-bank sektoru arasında davamlı və sıx əməkdaşlıq bütövlükdə ölkədə istehsal və xidmət sahələrinin inkişafına, milli iqtisadiyyatın prioriteti kimi qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinə mühüm töhfə verir.

Özəl sektorun müxtəlif istiqamətlərini təmsil edən biznes subyektləri və bank nümayəndələri ilə yanaşı, sığortaçılar və kapital bazarı assosiasiyalarının nümayəndələrinin də daxil olduğu Sahibkarlarla Əməkdaşlıq Şurasının nəzdində spesifik məsələlərin hərtərəfli araşdırılması və həlli üçün yaradılmış İşçi Qrupları da fəaliyyət göstərir. Şurada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrənilir, həmin istiqamətlər üzrə maliyyə-bank sektoru və sahikarlarla birgə iş aparılır. Taktiki məsələlərin həlli üzrə operativ tədbirlər görülür, strateji xarakter daşıyan məsələlər üzrə isə Hökumətə, eləcə də müvafiq institutlara təkliflər verilir.

- Bu günədək Sahibkarlarla Əməkdaşlıq Şurasının artıq iki iclası keçirilib. Şuranın fəaliyyəti və onun sahibkarlar üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bəli, qeyd etdiyiniz kimi Şurasın geniş iclasları keçirilmişdir. Bununla yanaşı, müvafiq İşçi qruplarının toplantıları təşkil olunmuş, qaldırılmış məsələlərin operativ həlli istiqamətində işlər aparılmışdır.

Şuranın fəaliyyəti çərçivəsində artıq görülmüş işlər barədə bir qədər təfərrüatlı yanaşsaq nümunə olaraq bir neçə prioritet məsələnin həlli üzrə  görülmüş işləri qeyd etmək istərdim. Sahibkarların idxal əməliyyatları üzrə cari valyuta rejiminin effektivliyinin artırılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmişdir. Belə ki, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Valyuta rejiminə dair bu dəyişiklik idxal əməliyyatlarının maliyyələşdirilməsində sahibkarların üzləşdiyi çətinliklərin həlli baxımından mühüm əhəmiyyətə malik olmuşdur.

Ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin ölkəyə gətirilməsi istiqamətində də aktiv iş aparılır. Bu mexanizmin ölkəmizdə tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaqdır.

Bunlarla yanaşı, ölkə başçısının çağırışlarına cavab olaraq özünüməşğulluq proqramına banklar tərəfindən dəstək göstərilməsi, dövriyyə vəsaitlərinin çatışmazlığının həllindən ötrü sahibkarlara yeni kreditlərin ayrılması, kənd yerlərində girovsuz kreditlərin verilməsi, zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi, sahibkarların nağdsız ödəniş imkanlarının genişləndirilməsi, kapital bazarlarına sağlam iştirakçıların cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi, həmçinin sahibkarların maliyyə savadlılığının davamlı yüksəldilməsi və digər istiqamətlərdə fəal iş aparılır.

Xüsusilə qeyd etmək istərdim ki, biznes sektorunda gedən proseslər Mərkəzi Bankda dərindən təhlil olunur, sektorun problematikasının davamlı monitorinqi aparılır. Belə ki, Real Sektorun Monitorinqi çərçivəsində ildə 4 dəfə olmaqla bir ay müddətində 380 müəssisə və təşkilat, eləcə də 4250 ev təsərrüfatı arasında sorğular keçirilir. Müəssisələr arasında aparılan sorğular vasitəsilə işgüzar fəallıq və biznesə inam indeksi qiymətləndirilir, eləcə də iqtisadi konyunktur meylinin dəyişməsini əks etdirən qabaqlayıcı indekslər hesablanır. Bu proses, biznes sektorunda problemlərə çevik reaksiya vermək üçün aidiyyəti dövlət orqanının mütəmadi məlumatlandırılmasına, habelə Şuranın müzakirəsinə həmin məsələlərin vaxtında çıxarılmasına imkan verir.

Bütövlükdə Şuranın fəaliyyəti çərçivəsində bütün məsələlərin mütərəqqi və uğurlu həlli üçün qabaqcıl beynəlxalq təcrübələr, seçilmiş ölkələrin müvafiq modelləri yaxından öyrənilir. Bir qədər öncə toxunduğumuz çeklərlə hesablaşmalar təcrübəsinin ölkəyə gətirilməsi məqsədilə Türkiyənin Ziraat Bankı ilə təcrübə mübadiləsi, eyni zamanda Türkiyə Ticarət Nazirliyi və Türkiyə Kredi Kayıt Bürosu ilə danışıqlar aparılır. Yaradılması nəzərdə tutulmuş elektron çek sisteminin infrastrukturunun blokçeyn bazasında qurulması imkanları ABŞ-ın IBM şirkəti ilə müzakirə edilir. Bunlarla yanaşı, ölkədə mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı üzrə təcrübə mübadiləsini təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

- Artıq qeyd etdiyiniz kimi, nağdsız dövriyyə ilə bağlı Türkiyədəki mövcud çek sisteminin tətbiqinə hazırlıq gedir. Bu sistemin Azərbaycanda qurulması ilə bağlı hansı planlarınız var?

- Bəli, qeyd etdiyimiz kimi ticarət əməliyyatlarında çeklərlə hesablaşma modelinin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılmışdır. Çekin özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Türkiyə modelində çek ticarətin maliyyələşdirilməsi aləti kimi aktiv istifadə edilir. Belə ki, təsərrüfat subyektləri mal və xidmətlərin alışı zamanı hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidməti ala bilirlər. Bu isə birbaşa iqtisadi aktivliyi dəstəkləməklə yanaşı, dövriyyələrdə nağd puldan istifadə zəruruliyini azaldır. İstifadəsinin asanlığı bu aləti həm alıcı, həm də satıcı iqtisadi subyekt üçün maraqlı edir. 

Hal-hazırda tərəfimizdən biznesə əlavə maliyyələşmə alətlərindən istifadə imkanlarının yaradılması məqsədilə anoloji infrastrukturun qurulması layihəsinə start verilmişdir. 2021-ci ilin sonunadək yekunlaşacaq layihənin ən müasir texnologiya və funksional imkanlara malik platformada qurulması nəzərdə tutulmuşdur. Çek üzrə bütün prosesin tam elektronlaşmasını nəzərdə tutan bu sistem iqtisadi dövriyyələrin gizlədilməsi imkanlarının maksimum aradan qaldırılmasına, ticarət münasibətlərinin güvənliliyinin artırılmasına imkan verəcəkdir.

- Məlumdur ki, COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da sahibkarlara böyük ziyan vurdu. Sahibkarlara dəstək tədbirlərindən biri kimi bank kreditləri üzrə möhlətin verilməsi də qərara alındı. Hazırda biznes kreditləri ilə bağlı restrukturizasiya xarakterli müraciətlər çoxdurmu?

- Qeyd olduğu kimi Mərkəzi Bank tərəfindən cari ilin aprel ayında qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası” ilə pandemiyadan zərərçəkmiş sahələrə və şəxslərə dəstək göstərməsi məqsədilə kredit təşkilatlarına münasibətdə müvafiq güzəştlər nəzərdə tutulmuşdur. Bununla yanaşı, pandemiyanın təsirləri nəzərə alınaraq borcalanların maliyyə vəziyyətinin ağırlaşdırılmaması ilə bağlı Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına aidiyyəti tövsiyələr də ünvanlanmışdır.

Qeyd edək ki, pandemiya ilə bağlı banklar tərəfindən aktiv restrukturizasiya prosesləri cari ilin aprel ayından başlanılmışdır və hazırda da davam etdirilir. Bu günə qədər,  67.2 min  sayda borcalan tərəfindən ümumilikdə 1.2 mlrd. manat məbləğində  kreditlərlə bağlı banklara müraciət olunmuşdur ki, bu məbləğin 87 faizi (və ya 1 mlrd. manatı) biznes kreditləri üzrədir. Qeyd edək ki, 600 milyon manat məbləğində biznes kreditləri üzrə restrukturizasiya müraciətləri banklar tərəfindən təmin edilmişdir. Bu müraciətlərə banklar tərəfindən baxılması prosesi davam etdirilir.

Əlavə olaraq qeyd edilməlidir ki, ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı müraciətlərin 76 faizi (79 milyon manat), istehlak kreditləri üzrə müraciətlərin isə 82 faizi (45 milyon manat) banklar tərəfindən icra olunmuşdur.

Ümumilikdə, maliyyə-bank sektorunun sabitliyi davamlı monitorinq edilir və pandemiyanın mümkün təsirlərini qiymətləndirmək üçün müxtəlif ssenarilər əsasında stress-testlər aparılmaqdadır.

Əlavə olaraq bildirmək istərdim ki, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması yaradılmış və 30 iyun tarixindən sahibkarların istifadəsinə verilmişdir. Hazırda 20 bank və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı müvafiq Platformaya qoşulmuşdur. 

Pandemiyanın real sektora təsirlərinin minimallaşdırılması məqsədi ilə biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi hazırlanmışdır. Bu çərçivədə 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.

- Sahibkarları narahat edən məsələlərdən biri nağdlaşdırma ilə bağlı limitlərin tətbiq edilməsidir. İş adamları hesab edirlər ki, nağdlaşdırma üçün qoyulan maksimum limit dövriyyədən asılı olaraq təyin edilməlidir. Bununla bağlı Sizin mövqeyinizi bilmək istərdik.

- Məlumat üçün qeyd edim ki, sahibkarlar tərəfindən nağdlaşdırma ilə bağlı tətbiq olunan limitlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzmilənir və 2016-cı ilin dekabr ayından qüvvədədir. Nağdsız hesablaşmaların inkişaf etdirilməsi və iqtisadiyyatda gedən şəffaflaşma prosesləri fonunda müvafiq Qanunun rolu əhəmiyyətli olmuşdur.

Məlum olduğu kimi, sözügedən Qanunla müvafiq limitlərlə yanaşı müəyyən istisnalar da nəzərdə tutulmuşdur. Sahibkarları narahat edən məqamlarla bağlı bu istisnaların siyahısına müəyyən dövr ərzində baxılaraq, aidiyyəti qurumlar tərəfindən təkliflər irəli sürülə bilər.

- Kənd təsərrüfatı məhsullarının nadğsız ticarəti ilə bağlı kənd yerlərində infrastruktur istənilən vəziyyətdə deyil. Ümumiyyətlə rayonlarda maliyyə sistemi üzrə infrastrukturun genişləndirilməsi məqsədilə hansı planlarınız var?

- Regionlarda, ucqar kənd yerlərində maliyyə əlçatanlığının artırılması Mərkəzi Bankın fəaliyyətinin əsas prioritetlərindəndir və bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Hələ 2007-ci ildə həyata keçirilən Azərpoçt layihəsi məhz bank filiallarının olmadığı kənd yerlərində insanların poçt şöbələri vasitəsilə maliyyə xidmətlərinə fiziki çıxış imkanı qazandırmaq məqsədi daşıyırdı.

 Bu gün də regionlarda maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Statistikaya əsasən, hazırda Bakı şəhəri nəzərə alınmadan regionlarda 1265 bankomat və 20 minə yaxın POS-terminal quraşdırılmışdır.

Maliyyə inklüzivliyinə xidmət edən mikromaliyyə xidmətləri göstərən banklar, “Azərpoçt” MMC və bank olmayan kredit təşkilatları tərəfindən göstərilir. Ölkə üzrə regionlarda 245 bank filial və şöbələri, 163 bank olmayan kredit təşkilatlarının filialları və 1050 “Azərpoçt” MMC-nin filial və şöbələri vasitəsilə maliyyə xidmətləri təqdim edilir.

Ölkənin ucqar kəndlərində bank və maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması üçün “Agent Bankçılıq” modelinin inkişafı da mühüm potensiala malikdir. Bank filialları olmayan və ya az olan yerlərdə ilkin mərhələdə ən səmərəli və effektiv vasitə Azərpoçt MMC-nin potensialından bankların maliyyə agenti kimi istifadə edilməsidir. Hal-hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə bu istiqamətlə xüsusi bir layihə üzərində işlənilir. Növbəti mərhələdə isə, təsərrüfat subyektlərinin ödəniş agenti qisminə cəlb edilməsi nəzərdən keçirilir. Sahibkarlıq subyektləri ilə banklar arasında bağlanacaq müqavilə əsasında onlar vasitəsilə məhdud sayda maliyyə və bank xidmətlərinin göstərilməsi imkanlarının yaradılması planlaşdırılmışdır.

Maliyyə inklüzivliyinin artırılmasının digər yolu da elektron ticarət imkanları və elektron maliyyə xidmətləridir. Təbii ki, bu xidmətlərin keyfiyyəti və əlçatanlığı region və kəndlərdə internetin sürətindən və əhatəliliyindən asılıdır. Mərkəzi Bank olaraq biz elektron ödəniş xidmətlərinin hər kəsə əlçatan olması, bu xidmətlərin çeşidinin yüksəldilməsi üçün ölkəmiqyaslı infrastruktur layihələri həyata keçiririk. Yaxın aylarda istismara verəcəyimiz Ani Ödəniş Sistemi 24/7/365 rejimində yaşayış və fəaliyyət yerindən asılı olmayaraq, biznes və əhali arasında ödənişləri internetə çıxış zərurəti olmadan belə, mobil telefonlar üzərindən bank hesabları vasitəsilə aparmağa imkan verəcəkdir. Tərəfimizdən reallaşdırılan digər layihə olan Rəqəmsal İdentifikasiya Sistemi vasitəsilə ölkənin istənilən bölgəsindən, məsafədən bank məhsul və xidmətlərinin əldə edilməsi imkanı yaradılacaqdır. Sistemlərin istismarı ilə yanaşı, iş adamlarının və əhalinin bu barədə məlumatlandırılması məqsədilə xüsusi maarifləndirici tədbirlərin keçirilməsi də planlaşdırlır.

Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, ev təsərrüfatlarının istehlak imkanlarının artırılmasına və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər.

- Məlumdur ki, iqtisadi inkişaf məzənnə sabitliyindən çox asılıdır. Bununla bağlı Mərkəzi Bankın qarşıdakı bir il üçün proqnozları necədir?

- Manatın məzənnəsinin dinamikası orta müddətli perspektivdə  inflyasiyanın stabil olması üçün vacib şərtlərindən biridir. Tədqiqatlara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir. Bu səbəbdən valyuta bazarında tarazlığın təmin olunması mühüm əhəmiyyət kəsb edir. Xarici valyuta təklifi mənbələrinin diversifikasiyası, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi gələcəkdə valyuta bazarında uzunmüddətli tarazlığının əsas təminatçısı kimi çıxış edəcəkdir. Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını diqqətdə saxlayır. 

Məlum olduğu kimi valyuta bazarında tarazlığı bundan sonra da qorumaq üçün ölkənin kifayət qədər maliyyə resursları və makroiqtisadi manevr etmə imkanları vardır. İlin əvvəlindən bəri xarici şoklara baxmayaraq ölkənin strateji valyuta ehtiyatları azalmamışdır. Ölkənin strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 100 faizini ötür.

Manatın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyin əsas lövbəridir.  Məzənnənin uzun müddət sabit qalmasının bir sıra şərtləri mövcuddur. Bu şərtlərdən başlıcası fiskal və monetar siyasətlər arasında koordinasiyanın olmasıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)