Aqrar

Yeni salınan badam bağlarından məhsul yığımına başlanılıb

Şabranda yeni salınan badam bağlarından məhsul yığımına başlanılıb.

Rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 20 tona yaxın məhsul yığılması gözlənilir. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq iki dəfə artıb. Badam ağacları tam məhsula düşəndən sonra isə hər hektardan 6-10 ton məhsul verəcək.

Təsərrüfatçı Ariz Ağamalıyev bildirib ki, yığılan badam qurutma məntəqələrində qurudulduqdan sonra satışa çıxarılacaq. “Bizdə iki növ badam becərilir. 10 hektarda amerikan mənşəli “Guara” adlanan badam növünə aid tinglər əkmişik. 13 hektar yeni salınan bağlarda isə Fransadan gətirilən badam növü yetişdirilir. İlk saldığımız bağlardan artıq ikinci ildir ki, məhsul toplayacağıq. Ötən il 6-7 ton məhsul yığmışıq. Bu il məhsuldarlıq daha yaxşıdır. Ötən ilə nisbətən iki dəfə çox məhsul yığılacaq. Bağdan toplanan məhsul yerli bazarda satılacaq”, - deyə A.Ağamalıyev söyləyib.

“Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Fəxrəddin Osmanov bildirib ki, rayonda, ümumilikdə, 92 hektar badam bağı var. Daha 8 hektar sahədə də badam bağının salınmasına hazırlıq görülür. “Rayondakı badam bağlarının 73 hektarı intensiv üsulla becərilir. Buna görə də hər il həmin bağlara görə fermerlərə dövlət tərəfindən bir hektara 800 manat subsidiya ödənilir. Bu da sahibkarları yeni bağların salınmasına həvəsləndirir”, - deyə F.Osmanov söyləyib.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)