Sığorta

Aqrar sığorta ilə mal-qara belə sığortalanacaq - FERMERLƏRİN NƏZƏRİNƏ

Xəbər verildiyi kimi, Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması nəzərdə tutulur.

ENA.az-ın məlumatına görə, Aqrar Sığorta Fondu (ASF) bu sığorta ilə bağlı detalları fermerlərin və kənd tiəsərrüfatı heyvanları sahiblərinin diqqətinə çatdırır.

Aqrar sığorta ilə hansı heyvanlar sığortalanacaq?

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ilk olaraq 1-7 yaşlı südlük inək və camışlar sığortalanıг.

Başqa sözlə, yaşı 1-7 il arasında südlük inək və camışlara sahib olan fermer və təsərrüfatlar aqrar sığorta vasitəsilə bu heyvanları sığortalaya biləcəklər. Sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək.

Aqrar sığorta heyvanları hansı risklərdən sığortalayır?

Heyvanların sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsaəsən, aqrar sığorta heyvanları aşağıdakı risklərdən sığortalayacaq:
• Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarda təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;
• ilan və ya həşərat sancması;
• zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
• təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
• yanğın;
• vəhşi heyvanların hücumu;
• üçüncü şəxslərin hərəkətləri.

Bundan başqa, heyvan sahiblərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə, heyvanları nəzərdə tutulmuş risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq.

Hansı hallarda kənd təsərrüfatı heyvanları sığortalanacaq?

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün heyvan sahibləri bir sıra tələblərə əməl etməlidirlər. Tələblər heyvanların saxlanılması və onlara qulluq, eləcə də onların identifikasiyası məsələlərini əhatə edir.

Belə ki, birincisi, heyvan qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiqlənmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olmalıdır.

İkincisi, heyvana qulluq və onun qidalanması Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları»na uyğun olmalıdır.

Üçüncüsü, sığortalanacaq kənd təsərrüfatı heyvanı peyvəndlənməli və birkalanmış olmalıdır. Dördüncüsü, heyvan barədə məlumatlar EKTİS-ə daxil edilnəlidir.

Sığorta müqaviləsi necə bağlanacaq?

Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı heyvanlarını sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinin ofislərinə müraciət etməlidirlər. Bunlar - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir.

Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni sığortalanacaq heyvanlara və onların saxlanması şəraitinə baxış keçirilir. Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.

Sığorta haqqı necə ödənilir?

Azərbaycanda tətbiq ediləcək aqrar sığorta mexanizmi üzrə sığorta tarifləri üzərində işlər hazırda tamamlama mərhələsindədir və dəqiqləşdikdən sonra sonra ictimaiyyətə açıqlanacaq.

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər.

«Aqrar Sığorta haqqında» qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödənilə bilər.

Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.

Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?

Aqrar sığorta ilə sığortalanmış kənd təsərrüfatı heyvanı sığorta hadisəsi nəticəsində tələf olarsa, heyvanın sahibi 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department