Persona

Bir neçə aya 30 kq arıqlamaq? Bankirin reseptini oxuyaq!

 Sonuncu dəfə nə zaman kiminləsə yarışa girmisiniz? Siz bu suala cavab axtardığınız bir vaxtda, sizə bir sirr açım: həmkarımız Emil Düşdurov bunu etməyi məsləhət görmür. Öz üzərində sınaqdan keçmiş üsuldur! Bankın baş maliyyəçisi deyir ki, özündən başqa kiminləsə rəqabət aparmır. Niyə? Çünki insan kiminləsə rəqabət apararsa, reallıq üzərində nəzarəti itirə bilər və ümumilikdə prosesdən zövq ala bilməyəcək. Detallar müsahibədədir! Oxuyun və bir neçə aya 30 kq arıqlamağın, öz ayaqları üzərində dayanmağın, sanki yarışda imiş kimi işləməyin yollarını öyrənin.

 

Beləliklə, Yelo Bankın Maliyyə və Xəzinədarlıq İdarəsinin baş direktoru Emil Düşdurovun müsahibəsini təqdim edirik:

- Emil, idman həyatınıza necə və nə zaman gəlib? Bu, ancaq qaçış olub? Niyə seçiminiz qaçış üzərində dayandı?

- İdman mənim həyatıma mərc nəticəsində daxil oldu. 2011-ci ildə mən həmkarım Elnurla mərcə girdim. O zaman mənim çəkim 105 kq idi. Elnur iddia edirdi ki, çəkimi azaltmaq üçün mənim iradəm çatmayacaq. Mən çağırışı qəbul etdim və mərcə girdim. Mərcin şərtlərinə əsasən, ad günümdə (7 ay sonra) mənim çəkim 80 kq-dan az olmalı idi. Məhz bundan sonra mənim idmanla ilk tanışlığım başladı. O zaman mənə qaçmaq olmazdı, ona görə, fitneslə məşğul olurdum. Ad günümdə tərəziyə çıxanda isə çəkim 78 kq idi. Bəli, mən mərci uddum! Etiraf edim ki, mərc böyük rol oynadı. Yeri gəlmişkən, mən iPad uddum və ondan indiyədək istifadə edirəm. Bu, adi cihaz deyil, mənim qələbəmin simvoludur... Bundan başqa, paralel olaraq, mərcə qoşulan başqa bir həmkarımızdan isə İsveçrə saatı udmuşdum.


Sualın ikinci hissəsinə gəlincə, ilkin olaraq seçimim sırf qaçış deyildi. Qaçışla ciddi şəkildə 2014-cü ildə məşğul olmağa başladım. Yarımpeşəkar səviyyədə qaçışla məşğul olan dostlarım, sözün yaxşı mənasında, məni marafonla "xəstələndirdi". Bir neçə ay sonra mən artıq ilk yarımmarafonu qaçdım. Birinci marafonu (42 km) isə 2017-ci ildə qaçmağa nail oldum. O vaxtdan etibarən mənim aktivimdə 50-dən çox yarımmarafon və 4 marafon var.

Hazırda mən qaçışdan daha çox triatlonla məşğulam. Triatlon özündə üzgüçülük, veloyürüş və qaçışı birləşdirən idman növüdür.

 

- Başqa sözlə, siz öz ayaqlarınızın üzərində durmağı bacarırsınız?


- Birbaşa mətnlə desək, bəli, mən öz ayaqlarımın üzərində nəinki dayanmağı, həm də uzun məsafələrə qaçmağı da bacarıram. Məcazi mənada desək, valideynlərimin mənə verdiyi ən böyük töhfə odur ki, onlar məni müstəqil böyüdüblər. Yəni kiçik yaşlarımızdan onlar məndən və qardaşımdan tələb edirdilər ki, biz qərarları özümüz qəbul edək, qərarlarımıza və onların nəticələrinə görə özümüz cavabdeh olaq.


- Ironman ləqəbinin tarixçəsi barədə danışa bilərsiniz?


- Ironman ləqəb deyil, uzun məsafəyə triatlon qət edən şəxsə verilən tituldur. Bu titulu müəyyən vaxt ərzində ardıcıl olaraq 3.8 km məsafəyə üzən, 180 km velosipedlə qət edən və 42 km qaçan şəxsə verilir. Qeyd edim ki, hələlik mən tam Ironman deyiləm. Lakin mən sentyabrda İtaliyada bu titulu almağı planlaşdırıram.


- Razısınız ki, qaçış daha çox ambisiyalı şəxslərin hobbisidir? Deyirlər ki, qaçışla məşğul olan şəxslərin hər zaman həyatla bağlı möhtəşəm planları var, onların bir çoxu həyatda nəyəsə nail olub...


- Triatlon və qaçışla məşğul olan insanların yaş kateqoriyasına nəzər salsaq məlum olur ki, onların 35-45 yaşı var. Söhbət əsasən həyatda hansısa nailiyyət əldə edən, yeni çağırışlara açıq olan insanlardan gedir. Bu şəxslər yeni həyacan axtarışındadır, onlar qarşısına yeni məqsəd qoyur və ona çatmaq istəyir...

 

- Söhbət bundan düşmüşkən, sizin ən böyük nailiyyətiniz hansıdır?


- Bu suala cavab vermək çətindir... Hesab edirəm ki, mənim ən böyük nailiyyətim irəlidədir. Həyatımın bəlli bir dönəmində mən düzgün qərar verərək peşəmlə daha ciddi məşğul olmağa başladım. Başqa sözlə, qarşıma konkret hədəflər qoydum və onlara doğru getməyə başladım. Mənim fikrimcə, hər bir insan öz prioritetlərini müəyyən etməli və əzmlə onlara doğru irəliləməlidir! Lakin, təkrar edirəm, mənim ən böyük nailiyyətim hələ qarşıdadır.


- Hər bir startın həm idman, həm də emosional tərkibi var. Sizdə hansı üstünlük təşkil edir?


- Əgər biz iş barəsində danışırıqsa, burada idman marağı üstünlük təşkil edir. Mən qeyri-standart məsələlərin həllinə cəhd etməyi sevirəm. Bir işi sonadək yerinə yetirmək mənim üçün prinsipialdır. Bəzən mən özümə deyirəm: "Emil, mərc edək ki, bu işi görə bilməzsən?" Ən əsası yeni çağırışlardan qorxmamaqdır. İnsan gərək "komfort zona"dan çıxa bilsin ki, yeni təcrübə və bacarıqlar əldə edə bilsin, peşəkar inkişafa nail olsun.


Əgər biz idman barədə danışırıqsa, burada emosiyalar üstünlük təşkil edir. Mən idmanla hansısa titul, nailiyyət əldə etmək üçün məşğul olmuram. Düzdür, nəticələrimi yaxşılaşdırmağı hədəfləyirəm, lakin  əsas olan 50-60 min nəfərin qaçdığı marafonun startında yaşadığın emosiyalardır. Onları təsvir etmək mümkün deyil.

- Bəs siz kiminlə daha çox yarışırsınız: özünüzlə, yoxsa başqaları ilə?

- Yalnız və yalnız özümlə! Həyatım ərzində özümdən başqa kiminləsə yarışmamışam! Mənim üçün əsas kimdənsə daha yaxşı olmaq deyil, özümün daha yaxşı versiyası olmaqdır... Bununla yanaşı, qəbul edirəm, bəzi insanlar var ki, öz inkişafı üçün kiminləsə rəqabətə girir. Kiminləsə yarışa və ya rəqabətə girərkən vəziyyətə nəzarəti itirmək olmaz, çünki rəqibdən geri qalarkən demotivasiya olmaq mümkündür.

- Necə istirahət edirsiniz və bərpa olunursunuz?


- Bu, mənim ən böyük problemimdir. Mən tamamilə istirahət etməyi bacarmıram və bunu qəbul etmək çətindir. Yeri gəlmişkən, bu il üçün qarşıma qoyduğum məqsədlərdən biri də odur ki, istirahət etməyi öyrənməliyəm. Təsəvvür edin ki, hətta istirahət zamanı mən işləməyə və ya idmanla məşğul olmağa macal tapıram.


Qeyri-iş vaxtı isə fərqli bir şey etmirəm - kitab oxuyuram və uşağımla gəzirəm.

- Sizi kim ilhamlandırır?


- Düzünü desəm, konkret kiminsə adını çəkmək çətindir. Məsələn, məni dünya bazarında oyunların qaydalarını transformasiya edən yenilikçi ixtiraçılar, biznesmenlər ilhamlandırır... Bundan başqa, insanlar və islahatların aparılması üçün üzərinə məsuliyyət götürən liderlər də ilham mənbəyidir. Mən həm də rəngarəng və tam həyat yaşayan fiziki məhdudiyyəti olan insanlara da heyran oluram.


- Sonuncu sual: özünüzü gələcəkdə harada görürsünüz? Necə inkişaf etmək istəyirsiniz?


- Bir çox şey var ki, mən onları bacarmıram. Ona görə bacarmıram ki, çünki bununla məşğul olmamışam. Lakin əminəm ki, hər şey mümkündür! Dinamik olduğu və sürətlə inkişaf etdiyi üçün mən peşəmi sevirəm. Hər zaman formada olmaq üçün daim öyrənməlisən, üzərində işləməlisən. Menecerin rolu ondan ibarətdir ki, hər an sənə fərqli bir layihə tapşırıla bilər. Sənin məqsədin yeni biliklər əldə edərək bu layihəni uğurla başa çatdırmaqdır. Əminəm, rebrendinq prosesi zamanı mənim işimlə əlaqəli olmayan bir çox layihə ola bilər ki, ora qoşula bilərəm. Bu, məni peşəkar və menecer kimi inkişaf etdirəcək.

* Müsahibəni aldı: İlkin Əhmədov

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department