TURİZM

İşçiləri test etdirmək üçün ayda 8000 manatı otel necə ödəsin?

Xəbər verdiyimiz kimi avqustun 8-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qanunda göstərilmiş müddəalardan biri də (4.14.2.) mehmanxanaların işçi heyətinin həftədə bir dəfə COVİD-19 testindən keçirilməsinin vacibliyi ilə bağlıdır. 

Azərbaycan Hotellər Assosiasiyasının İcraçı direktoru Günay Sağlam bu müddəaya təəccübləndiklərini bildirib.

"Biz də bu qərarı təəccüblə qarşıladıq. Çünki bu hotellər üçün əlavə maddi yük deməkdir. Bununla əlaqədar Azərbaycan Hotel Assosiasiyasının üzvləri toplanıb rəylərini bildirdilər və Dövlət Turizm Agentliyinə müraciət etdik. Yaranmış suallar həm qonaqların testdən keçirilib hoteldə yerləşməsi ilə əlaqədar, həm də işçilərin hər həftə test verməsi ilə bağlı idi.

Biz təklif etdik ki, test ya birdəfəlik, ya da ayda bir dəfə lakin daha münasib qiymətlərlə həyata keçirilsin. Bununla yanaşı biz xahiş etmişdik ki, həkimlər hotellərə gəlib testi həyata keçirsinlər. Çünki, işçilərin xəstəxanalara getməsi əlavə riskdir. Hər halda təkliflərimizi vermişik, cavab gözləyirik" - deyə Günay Sağlam bildirib.

 "SKAL International Baku"nun prezidenti Ceyhun Aşurovun sözlərinə görə, turizmçilər sanitar-gigiyenik normaların yerinə yetirilməsinin tərəfdarıdır. Ancaq yeni qərarda nəzərdə tutulan işçi heyətinin müəssisənin hesabına həftədə bir dəfə COVİD-19 testindən keçməsi tələbi sahibkarlar üçün ciddi maliyyə yükü yaradır. "Bu testin qiyməti təqribən 100 AZN-dir ki, hoteldə 20 nəfərlik işçi heyətinin olduğunu nəzərə alsaq bir ayda 8000 AZN maliyyə yükü deməkdir. Otaqların doluluğunun 20% olduğu bir müddətdə təbii ki, hotellər bunu ödəmək qabliyyətində deyillər. Xüsusən burada cərimələr nəzərdə tutulubsa mən düşünürəm ki, onsuz da çətinliklə açılmış hotellərin yenidən bağlanmasına, işçilərin isə ixtisarına gətirib çıxaracaq", -deyə C.Aşurov bildirib.

Otelçi hesab edir ki, testlər ya dövlət hesabına, ya da hər hansı bir simvolik məbləğ qarşılığında olmalıdır. "Müqayisəli baxsaq belə bir sual yaranar: Niyə məhz mehmanxana işçilərinin COVİD-19 testi tələb olunur? Niyə marketlərlə tələb olunmur? İnfeksiyanın yayılma tezliyinə, insan sıxlığına baxdıqda hotellər o qədər də təhlükəli deyil. Bir daha qeyd edirəm ki, testi etmək mütləqdirsə, bu ya dövlət hesabına ya da simvolik məbləğlə həyata keçirilməlidir".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi mehmanxanaların öz işçilərini hər həftə COVİD-19 testindən keçirməli olduğu barədə qərarın onsuz da çətin vəziyyətdə olan hotellərin xərclərini daha da artırdığını vurğulayıb: "Bir tərəfdən deyirik ki, hotellərin qiymətləri qalxmasın, digər tərəfdən belə qərarlarla hotelçilərin üzərinə yeni xərclər qoyulur, hansı ki, son nəticədə bu göstərilən xidmətlərin maya dəyərinə təsir göstərəcək, qiymət artımına səbəb olacaq.

Mənim fikrimcə, bu testlər dövlət hesabına olmalıdır. Ümumiyyətlə bizim səhiyyəmiz pulsuzdur. Düşünürəm ki, dövlətin bunun üçün ayrılmış büdcəsi var və bu testlər üçün ayrılan klinikalar digər sahələr üçün də bunu ödənişsiz həyata keçirə bilərlər" - deyə Samir Dübəndi bildirib.

 

 

turizmplus

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)