MALİYYƏ

Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən fəaliyyət istiqamətində kompleks tədbirlərin icrası davam etdirilir. Bu istiqamətdə mühüm yeniliklərdən biri də Mərkəzi Bankın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir.

Bu barədə “ENA”ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumatda bildirilir ki, bununla əlaqədar olaraq bank məhsul və xidmətlərə əlçatanlığın yüksəldilməsi və maliyyә resurslarına çıxışın daha effektiv və innovativ müstəvidə qurulması, elektron vә rәqәmsal maliyyә xidmәtlәri üzrə agent şәbәkәsinin imkanlarından istifadə etməklə әhalinin maliyyә inklüzivliyinin artırılması məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin icrasına start verilmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Layihə çərçivəsində bank məhsul və xidmәtlәrinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazırlanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identifikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması, kredit alınması) əldə edilməsi imkanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaqdan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradılması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

Layihənin ölkədə maliyyə xidmətləri və ödəniş sistemlərinin inkişafı, bank xidmətlərindən məhdud istifadə edən və ya xidmətlərə çıxışı olmayan əhalinin yaşadığı ucqar ərazilərdə daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi və bununla da ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağı planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)