Dünya Bankı koronavirusla mübarizəyə 160 mlrd. dollara qədər vəsait ayıracaq
Dünya Bankı 30 iyun 2021-ci ilədək yeni koronavirusun yayılmasının nəticələri ilə mübarizə üçün 160 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.
ENA.az bu barədə “banki.ru”ya istinadən xəbər verir.
“Covid-19 pandemiyasına cavab olaraq Dünya Bankı tez bir zamanda reaksiya verdi və 30 iyun 2021-ci ilə qədər 160 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir. 2020-ci maliyyə ilində (30 iyunda sona çatıb) Dünya Bankı koronavirusla əlaqədar təxminən 21 milyard ABŞ dolları məbləğində yardım göstərib”, – sənəddə deyilir.
“İnkişaf etməkdə olan ölkələr on illik inkişaf tərəqqisini təhlükəyə atan və milyonlarla insanı yoxsulluğa sürükləyən misli görünməmiş tibbi, sosial və iqtisadi böhranla üzləşdikdə, Dünya Bankının əsas missiyası həmişəkindən daha da aktuallaşır. Biz aşağı gəlirli, o cümlədən qeyri-sabitlik, münaqişə və zorakılıqdan əziyyət çəkən ölkələrə yardım göstərmək üçün işimizi davam etdiririk, – Dünya Bankının prezidenti Devid Malpass bildirir. – Uzunmüddətli perspektivdə prioritetlərimiz elektrik enerjisi və təmiz su kimi vacib infrastruktur obyektlərinə çıxışın genişləndirilməsi, rəqəmsal maliyyə xidmətlərinin əhatə dairəsinin inkişaf etdirilməsi, qanun aliliyinin möhkmləndirilməsi və özəl sektorun böyüməsinin təşviq edilməsi ilə iqtisadi artıma yönəldilib.