B.Aslanbəyli: bp-nin indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəyini hədəfləmişik
ENA.az Caspian Barrel-in bp-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə bp-nin yeni elan edilmiş strategiyası və onun Azərbaycana təsiri haqqında söhbətini təqdim edir:
- 4 iyulda bp öz yeni strategiyasını açıqladı. Bu, fevral ayında elan etdiyiniz yeniliklərin davamıdırmı?
Bəli, elədir. Fevral ayında bp öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan etdi və enerji haqqında təsəvvürləri yeniləmək və bp-ni yenidən qurmaq planları olduğunu bəyan etdi. Bu gün isə həmin hədəfləri necə reallaşdıracağımızı müəyyənləşdirən strategiyamız elan edildi.
- Strategiyanın əsas məqamları nədən ibarətdir?
Yeni məqsəd və hədəflərimiz insanlar və planetimiz üçün enerji haqqında
təsəvvürləri yenidən formalaşdırmağa yönəlib və yeni hədəfimiz 2050-ci ilə qədər və ya daha tez bir vaxtda emissiyaları “xalis sıfır” səviyyəsinə çatdırmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir. Bu hədəfə çatmaq üçün dediyimiz kimi biz bp-ni yenidən qurmaq, daha yığcam, daha sürətli və az karbonlu şirkətə çevirməliyik.
Beləliklə, yeni strategiya bp üçün bu transformasiya prosesində növbəti böyük addımdır. Strategiya “xalis sıfır” hədəfinə doğru on illik fəaliyyətimizi müəyyənləşdirir.
Bu strategiya bp-ni təbii ehtiyatların hasilatını həyata keçirən beynəlxalq neft şirkətindən müştərilər üçün çözümlər təmin edən inteqrasiyalı enerji şirkətinə çevirəcək.
Baş icraçı direktorumuz Bernard Luninin də dediyi kimi “bir əsrdən çoxdur ki, bp beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir – bu, iki əsas biznesin
hasil etdiyi iki əsas əmtəə ilə müəyyənləşir. İndi isə biz istiqamətimizi inteqrasiyalı enerji şirkətinə çevrilməyə yönəldirik, yəni beynəlxalq neft
şirkətindən inteqrasiyalı enerji şirkətinə, daha dəqiq desək, təbii ehtiyatların hasilatına yönəlmiş şirkətdən müştərilər üçün enerji çözümləri təmin etməyə yönəlmiş şirkətə çevrilirik.”
Biz bunu etməyə indi başlamalıyıq və sürətlə hərəkət etmək niyyətindəyik.
On il ərzində indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəyimizi gözləyirik. Ona görə ki, görürük ki, yeni enerjiyə keçid prosesi sürətlənir və
müştərilər – yəni ölkələr, sənaye sektorları, böyük və kiçik şirkətlər və eləcə
də istehlakçılar – öz enerji ehtiyaclarını qarşılamaq üçün məhz öz ehiyaclarına uyğun, getdikcə daha az karbonlu çözümlər istəyirlər.
Bu dəyişən tələbatları qarşılamaq və “xalis sıfır” hədəfinə doğru irəliləmək
üçün biz bp şirkətinin 2030-cu ilə qədər daha çox şaxələnmiş bir enerji
şirkəti olacağını gözləyirik və buna nail olmaq üçün aşağıdakıları edəcəyik:
- bərpa olunan enerji üzrə xalis istehsal gücümüzü 2019-cu ildə
olduğundan 20 qat artıraraq 50 GVt-a çatdırmaq; - az karbonlu enerji sahələrinə investisiya qoyuluşunu 10 dəfə artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq;
- istehlakçılarla təmaslarımızı ikiqat artıraraq gündə 20 milyona
çatdırmaq; - neft və qaz hasilatını tədricən ən azı gündə bir milyon barel neft
ekvivalenti və yaxud 40% səviyyəsində azaltmaq; - neft və qaz kəşfiyyatı üzrə fəaliyyətlərimizi yüksək göstəricilərimiz
olan mövcud hövzələrdə cəmləşdirmək və yeni ölkələrə daxil
olmamaq.
- Bu, o deməkdirmi ki, Azərbaycanda və Xəzər regionunda öz fəaliyyətlərinizi tədricən azaldacaqsınız?
Xeyr, o demək deyil. Neft və qaz tədricən azalacaq, lakin bp-nin
əhəmiyyətli bir hissəsi kimi qalacaq. Dəyişən odur ki, bp bundan sonra
daha neft və qazın üstünlük təşkil etdiyi şirkət olmayacaq. O, şaxələnmiş
portfelli bir inteqrasiya edilmiş enerji şirkəti olacaq – belə ki, neft və qaz
daha tarazlaşdırılmış bir portfelin tərkib hissəsi olacaq. Cənab Luninin də
dediyi kimi neft və qaz “qarşıdan gələn onilliklər ərzində bp portfelinin tərkib hissəsi olaraq qalacaq. Onlar bizim strategiyanın əsas hissəsidir. Faktiki olaraq, onlar strategiyanın həyata keçirilməsinə imkan yaradır. Onlar transformasiyamızın gerçəkləşməsinə təkan verir.”
Beləliklə, biz şirkətimizin fəaliyyət istiqamətini enerjinin fərqli formaları ilə şaxələndirmək niyyətindəyik – bərpa olunan enerji, bioenerji və hidrogen, amma neft və qaz bizim öhdəliyimiz olan ölkələrdə bp üçün əsas sahə olmaqda davam edəcək. Bu öhdəliyin bir hissəsi olaraq 2030-cu ildə biz hələ də qlobal miqyasda neft və qaz biznesimizə ildə təxminən 9 milyard ABŞ dolları investisiya qoyacağıq.
- Bütün bunlar konkret olaraq Azərbaycan üçün nə deməkdir?
Azərbaycanda, bildiyiniz kimi, biz ölkənin iri neft və qaz ehtiyatlarının
kəşfiyyatı və işlənməsinə cavabdehik. Bu bizim üçün çox vacib əhəmiyyət
kəsb edir və biz bu məsuliyyəti çox ciddi qəbul edirik.
Biz burada neft və qaz biznesimizin keyfiyyət baxımından sənayedəki
aparıcı mövqeyini qoruyub saxlamaqla bu ölkədə gördüyümüz bütün
işlərimizi uğurla davam etdirəcəyik. Yəni Azərbaycanda neft və qaz üzrə
fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək,
ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik.
Bilirsiniz ki, biz təxminən otuz ildir Azərbaycanda və Xəzər regionunda
varıq və hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyuruq.
Növbəti bir neçə onillik ərzində də kəşfiyyat sahəsinə investisiya qoyuluşu
da daxil olmaqla burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik.
Bununla belə uzunmüddətli enerji tərəfdaşlığımızın bir sıra digər
sahələrində də Azərbaycan və region ilə əlaqələrimizi genişləndirmək üçün yeni imkanlara baxmaqda da davam edəcəyik.
- Hazırda şirkətdə görülən işlər haqqında məlumat verməyinizi də xahiş edirik. İşləriniz necə gedir?
Bütün dünyada və bütün digər şirkətlərdə ol duğu kimi, biz də COVİD-19
pandemiyasının yaratdığı bu çətin vəziyyətlə üz-üzəyik, amma bütün
fəaliyyətlərimiz davam edir. Qürur hissi ilə deməliyəm ki, biz əsas biznes
fəaliyyətlərimizi – AÇG və Şahdəniz yataqlarından hasilat və ixrac
əməliyyatlarımızı – təhlükəsiz, etibarlı və səmərəli şəkildə davam etdiririk.
Bundan əlavə Şəfəq-Asiman blokunda ilk geoloji-kəşfiyyat quyusunun
qazılmasını davam etdiririk və onu bu ilin sonuna qədər qazıb bitirmək
niyyətindəyik. Dayazsulu Abşeronda ilk kəşfiyyat quyusunu qazacaq qazma
qurğusunda yenidənqurma işləri başa çatan kimi quyunu qazmağa
başlayacağıq. Ümid edirik ki, bu da bu ilin sonuna qədər mümkün ola
biləcək.
D230 blokunda planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını bu ilin əvvəllərində tamamladıq və hazırda əldə olunmuş məlumatların emalını və interpretasiyasını həyata keçiririk.
Azəri-Çıraq-Günəşli yatağının yeni platforması olan ACE-in (Azəri Mərkəzi
Şərqi) tikintisini davam etdiririk. Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən də yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir. (caspianbarrel)