Azərbaycan peyklərdən qazancı 21,5 milyon dollar olub
“Azərkosmos” ASC 2020-ci ilin yanvar-iyun aylarında peyklərin kommersiya istismarından $21,5 milyon məbləğində gəlir əldə edib ki, bu da 2019-cu ilin yamvar-iyun aylarına olan göstəricidən 16% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Yanvar-iyunda “Azərkosmos” tərəfindən dünyanın 27 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi ABŞ ($4,6 milyon), Fransa ($5 milyon), Böyük Britaniya ($5,9 mln.), BƏƏ ($674 min), Malayziya ($3,9 mln.) ixrac edilib”, - Mərkəzin məlumatında bildirilir.
Hesabat dövründə “Azərkosmos”un ümumi gəlirlərinin 89%-ni xidmətlərin ixracından əldə olunan gəlirlər təşkil edib.
Xəbər verildiyi kimi, “Azərkosmos” ASC 2019-cu ildə peyklərin kommersiya istismarından $43,4 milyon məbləğində gəlir əldə edib.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. “Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir