“Aqrarkredit”in aktivləri 12 milyardı ötdü
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti cari ilin birinci yarımilliyində əsas hədəf auditoriyası ölkənin regionları olmaqla, 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit verib.
ENA.az xəbər verir ki, “Aqrarkredit” QSC tərəfindən 2020-ci ilin birinci yarımilliyində öz vəsaitləri, eləcə də “Sahibkarlığın İnkişafı Fondu”, “Aqrar Kredit və İnkişaf Agentliyi” vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12.1 milyon manat məbləğində kredit verib. “Aqrarkredit” QSC-nin 30 iyun 2020-ci il tarixinə kredit portfeli 5765 sahibkarlıq subyekti üzrə 87.2 milyon manat təşkil edib.
Ümumilikdə 2004-cü ildən indiyədək “Aqrarkredit” QSC tərəfindən 33 mindən çox müştəriyə 350,0 mln. manatdan artıq kredit xidməti göstərib. Bu isə təxminən 25 min yeni iş yerinin açılması, eyni zamanda kənd təsərrüfatında çalışan insanların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına dəstək deməkdir.
“Aqrarkredit” QSC 2020-ci ilin birinci yarımilliyi üzrə fəaliyyətini mənfəətlə başa vurub. 30 iyun 2020-ci il tarixinə aktivləri 12 milyard 423.9 milyon manat, öhdəlikləri 12 milyard 393.2 milyon manat, məcmu kapitalı 30.7 milyon manat, nizamnamə kapitalı 22.7 milyon manat təşkil edib.
Ölkənin kənd təsərrüfatına xidmət edən ən böyük bank olmayan kredit təşkilatı olan “Aqrarkredit” QSC-nin məqsədlərindən biri də ixrac yönümlü kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə və kredit vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq və ölkəmizin ixrac potensialının artırılmasına, ölkəyə xarici valyuta gətirməklə valyuta ehtiyatının artırılmasına töhfə verməkdir.