Sənaye

DSK hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı təmin edəcək

Prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında"
fərman imzalayıb. 

ENA.az-ın məlumatına görə, fərmanda bildirilir ki, Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmuş, hasilat sənayesində şəffaflıq (bundan sonra – HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəkləmişdir. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında lazımi tədbirlər həyata keçirilmiş və mütəmadi hesabatlar dərc edilmişdir.

Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır.

HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir.

Fərmanla HSŞ üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə edilib.

Dövlət Statistika Komitəsinə tapşırılıb ki, HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etsin.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına tapşırılıb, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilib ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsinlər.

“Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 529; 2019, № 5, maddə 829) ləğv edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department