Dövlətin pandemiya dövründə dəstək olduğu sahələr açıqlandı
Pandemiya dövründə təqribən beş milyona yaxın insanı əhatə edən dövlət dəstəyi göstərilən sahələr açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, COVID-19-un məşğulluğa mənfi təsirinin qarşının alınması üçün ilk növbədə muzdlu işçilərin iş yerlərinin qorunmasına ciddi nəzarət olunub:
“Onlara dövlət dəstəyi verildi, maaşlarının davamlı ödənilməsi təmin olundu. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilməkdədir. İxtisarlara yol verilmədi, bütün iş yerləri qorundu.
Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Əlavə 110 min əmək müqaviləsi bağlandı ki, bu da elə həmin sayda insanın və ailəsinin rifahına xidmət edir”.
F.Talıbovun sözlərinə görə, ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub:
“2 milyon 300 min insanın pensiya, müavinət, təqaüd, sosial yardım üzrə ödənişləri hər ay vaxtından daha tez ödənildi, pandemiya dövründə bu ödənişlərin davamlılığı təmin olundu, 750 minədək insanı əhatə edən sosial müavinət və təqaüdlər son bir ildə orta hesabla 100 faiz artırıldı. Bu ilin altı ayında bu istiqamət üzrə ötən ilin eyni dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çox olmaqla, 475 mln. manat vəsait sərf olundu.
Son bir ildə minimum pensiya 72,4% artırılaraq 116 manatdan 200 manata çatdırılıb, xüsusi şərtlərlə təyin olunmuş pensiyalar 31 faiz artırılıb, bu iki istiqamət üzrə artım 750 mindən çox pensiyaçını əhatə edib.
Əgər pensiyalar vətəndaşların ödədiyi sığorta haqlarının geri qaytarılması prinsipi üzrə hesablansaydı, o zaman 700 mindən çox pensiyaçıların pensiyası 100-110 manat olacaqdı – lakin dövlətin dəstəyi ilə bu məbləğ buğun minimum 233 manat təşkil edir (indeksasiya nəzərə alınmaqla), üstəgəl, bu ilin əvvəlindən indeksasiya nəticəsində 1 milyon 200 min nəfərin pensiyası 16,6 faiz, yəni əvvəlki illərlə müqayisədə, dəfələrlə yüksək faiz göstəricisi əsasında artırıldı.
Təkcə bu ilin altı ayında 1,3 mln. nəfərə yaxın şəxsin pensiyaları üçün keçən ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24 faiz çox, yəni 2 mlrd. 250 mln. manat xərclənib”.
“350 mindən çox üzvü olan 85 min ailənin ünvanlı sosial yardımla təminatı (hər ailəyə orta hesabla aylıq 225 manatdan çox) həyata keçirilib. Bu istiqamət üzrə də 2019-cu ilin eyni dövrünə nisbətən 40,4 mln. manat və ya 62 faiz çox olmaqla, 105 mln. manat ödənilib.
Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə verildi, sonra 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxs təkrar bu ödəməni aldı. 100 minədək ailəyə ərzaq yardımı ilə təmin edildi ki, onlarda 400 minədək ailə üzvü var.
Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin təsərrüfatının qurulması işləri aparılır ki, həmin ailələrdə 50 min ailə üzvü var. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işləri aparılır.
Qeyd olunanlar, pandemiya dövründə Azərbaycanda əhaliyə göstərilən dəstək tədbirlərinin yalnız bir qismidir. Bunlardan əlavə, vergi, sığorta, kredit güzəştləri, aztəminatlı tələbələrin təhsil haqqının ödənməsi üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.
Beləliklə, bu rəqəmlər əsasında aydın görmək olar ki, dövlətin dəstək tədbirləri ölkəmizdə demək olar hər bir ailənin rifahına öz müsbət təsirini göstərib”, – deyə o qeyd edib.