Hesabatlar

Yarım milyarda yaxın pulunu başqa banklara depozit qoyub

Banklar arasında depozit portfeli və nağd vəsaitlərində azalma müşahidə olunan daha bir bank “Azərsun Holdinq”ə məxsus “Azərbaycan Sənaye Bankı”ASC-dir (ASB). Bankın müştəri depozitləri və cari hesablarında 26 milyon 805 min manat kiçilmə baş verib.

 

Aktivlərdəki azalmanın əsas səbəbi 

ENA.az maliyyə hesabatına əsasən xəbər verir ki,  ASB-nin aktivləri 924 milyon 6 min manat təşkil edir, bu isə 2019-cu ilin sonuna olan göstəricidən 6,2% azdır. Azalmanın əsas mənbəyi isə banklarda daxil olmaqla maliyyə qurumlarında depozit formasında yerləşdirilən vəsaitin həcminin 17,3% kiçilməsidir. Belə ki, hazırda bank 449 milyon 400 min manatını depozit qoyub və bu passiv ümumi aktivlərin nə az, nə çox, düz 49%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, kredit portfelinin aktivlərdə payı cəmi 38%-dir. Başqa sözlə, bankın aktivlərinin çox hissəsi hazırda passiv şəklindədir. Buna daha bir nümunə kimi ASB-nin başqa banklardakı müxbir hesablarının həcminin bir qədər də artaraq 70 milyon 592 min manata çatmasını da göstərmək olar. 

Hesabat dövrünün sonuna bankın kredit portfeli 346 milyon 752 min manat təşkil edib. Yanvar-iyun aylarında artım 4,6%-dir. Lakin bank kredit portfelinin strukturunu açıqlamadığından sektorlar üzrə bölgünü demək çətindir.   

 

Depozitlərdə manatın payı 9%-ə çatıb  

31 iyun 2020-ci il tarixinə ASB-nin öhdəlikləri 7,2% azalaraq 821 milyon 815 min manat olub. Öhdəliklərin azalmasında depozit portfelinin xüsusi “payı” var. Belə ki, hazırda bankda 655 milyon 315 min manat həcmində depozit var. Ötən yanvar-iyun aylarında isə əmanətlərin 8,4%-i geri çəkilib. Belə ki, ötən ilin sonuna müştərilərin depozitlərinin həcmi 715 milyon 128 min manat olub. Bunun 360 milyon 414 min manatı dollarla, 87 milyon 393 min manatı isə AZN ilə yerləşdirilmişdi. Müddətli depozitlərin həcmi isə 540 milyon 727 min manat idi və onun yalnız 1%-i və ya 8 milyon manatı AZN-də ifadə olunmuşdu.

Bu ilin altı ayının yekununda depazitlərin ümumi həcmi 59 milyon 813 min manat azalıb. “Ərimə” xüsusən də müddətli depozitlərdə baş verib və bu portfel 39 milyon manata yaxın düşərək 501 milyon 181  min manat təşkil edib. Lakin valyuta strukturunda dəyişiklik baş verib və müddətli depozitlərin 45 milyon 584 min manatı və ya 0,9%-i AZN ilə ifadə olunur.  

 

Bölüşdürülməmiş mənfəəti 36 milyonu keçib

İyunun 30-na ASB-nin kapitalı 102 milyon 191 min manat təşkil edir ki, bu da ötən altı ayda 2,5% artım deməkdir. Bankın nizamnamə kapitalı 60 milyon manatdır (dəyişməyib - ENA). Məcmu kapitalı 99 milyon 380 min manat, məcmu kapitalın gəlirlilik əmsalı isə 17,18%-dir.

Bir neçə rübdür ki, mənfəət açıqlayan Bankın bölüşdürülməmiş mənfəti toplanaraq 36 milyon 317 min manat olub. Bank ümumi ehtiyatlarını 953 min manat azaldaraq 5 milyon 873 min manata salıb.

 

Mənfəəti 34,6% azalıb

Bu ilin yanvar-iyun ayları üzrə ASB-nin xalis mənfəəti 3 milyon 368 min manat olub və bu bir il əvvəlki göstəricidən 34,6% azdır. Bankın gəlirləri 18 milyon 914 min manat, xərcləri 15 milyon 521 min manatdır. Nəticədə əməliyyat mənfəəti 3 milyon 392 min manat təşkil edib. Xüsusi ehtiyatlara 806 min manat ayırıb və 830 min manat həcmində mənfəət vergisi ödəyib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department