Sahibkarlıq sahəsində yoxlamalar genişləndirilir - QANUN DƏYİŞDİRİLİR
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların miqyası genişləndirilir.
"BI" xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2-ci maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, 2021-ci il yanvarın 1-dək yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
Qeyd edək ki, 2017-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna edilmiş dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılıb.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir.
Terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin noyabrın 30-da keçiriləcək iclasında müzakirə ediləcək.