Hesabatlar

Bankın kredit portfelində “durğunluq” – HESABAT  

Azərbaycanda daha çox “exchange funksiyası”nı yerinə yetirən “Amrahbank” bağlanandan sonra “Günay Bank” ASC-nin bu xidmətdən gəlirlərinin artacağı gözlənilsə də, hesabat əksini göstərdi. ENA.az xəbər verir ki, bank 2020-ci ilin ikinci rübün sonuna məqsədli ehtiyatlarını üç dəfə artıraraq, dayanıqlıq tədbirləri görüb. 


Aktivlərini nədə saxlayır?

Bu il iyulun 1-nə “Günay Bank”ın aktivləri 12% və ya 31 milyon 442 min manat artaraq 247 milyon 198 min manata çatıb. Aktivlərdə kredit portfelinin həcmi 176 milyon 297 min manat təşkil edir. Ötən altı ayda bankın kredit portfeli 17 milyon 380 min manat böyüyüb. Kreditlərin 116 milyon 336 min manatı biznesə verilib, cəmi 2 milyon 395 min manatı isə istehlak məqsədlidir. Nəzərəçarpan tendensiya odur ki, yanvar-iyun aylarında bankın hər iki kredit portfelində azalma baş verib, yeganə artım (17 milyon 670 min manat) isə daşınmaz əmlak kreditləri üzrə qeydə alınıb və 57 milyon 564 min manata yüksəlib. Bu isə pandemiya dövründə tikinti bazarını saxlamaq üçün dövlət tərəfindən ayrılan ipoteka kreditləri hesabına ola bilər. Xatırladaq ki, həmin ipoteka kreditlərini müştərilərə müvəkkil banklar verirlər. 

Ümumilikdə aktivlərdə kredit portfelinin payı isə 71 faiz təşkil edir. Bank aktivlərinin 38 milyon 482 min manatını nağd şəkildə saxlayır. Banklara və digər maliyyə qurumlarına verdiyi pulları isə geri çəkməyə başlayıb və hazırda aktivlərin 6 milyon manatı bu cür saxlanılır. 

 

Depozitləri nəyin hesabına artıb? 

Ötən altı ayda “Günay Bank”ın öhdəlikləri 30 milyon manat artıb. Artımlarda depozitlərin də çəkisi var və hesabatdan görünür ki, pulunu bu banka qoyanlar artıb. Əmanətlərin ümumi həcmi 20% və ya 21 milyon 681 min manat artaraq 103 milyon 250 minə çatıb. Portfeldə əhalinin əmanətləri daha çox artıb və rəqəmlə ifadə etsək görünür ki, əhali banka 18 milyon 474 min manat əlavə pul qoyub. Hüquqi şəxslərin depozit portfelində isə cəmi 3 milyona yaxın bir artım qeydə alınıb və hazırda bu portfelin həcmi 20 milyon 475 min manatdır. 

“Günay Bank”ın Mərkəzi Bank və dövlət fondlarına 5 milyon 500 min manat, kredit təşkilatları və digər maliyyə institutlarına isə 66 milyon 749 min manat borcu var. 

“Günay Bank” ASC-nin balans kapitalı isə 0,1% artaraq 65 milyon 312 min manata çatıb. Balans kapitalında artımın əsas səbəbi kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatların həcminin yüksəlməsidir. Bankın nizamnamə kapitalı 64 milyon manat təşkil edir.  

 

Xarici valyuta əməliyyatlarından gəliri azalıb

“Günay Bank” ASC 2020-ci ilin ilk altı ayını 617 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2019-cu ilin sonu ilə müqayisədə 135 min manat azdır. Bankın faiz gəlirləri 6 milyon 352 min manat, faiz xərcləri 3 milyon 864 min manat olub. Faiz gəlirlərinin 4 milyon 555 min manatı müştərilərə verilən kreditlərdən formalaşıb. Faiz xərclərinin 2 milyon 220 min manatı isə Mərkəzi Bank və dövlət fondlarına ödənilən vəsait təşkil edir. Bankın qeyri-faiz gəlirləri isə 4 milyon 390 min manata yüksəlib. Gəlirin 2 milyon 645 min manatı haqq və kommisiyalardan formalaşıb ki, burada pul köçürmə əməliyyatlarının mühüm payı var. Qeyri-faiz xərclərinin - 4 milyon 362 min manatın 71%-i əmək haqqı və inzibati xərclərin ödənilməsinə sərf olunub. Xarici valyuta əməliyyatlarından gəliri isə 1 milyon 655 min manat olub. Halbuki, 2019-cu ilin ikinci rübündə bu göstərici 2 milyon 71 min manat olub. 

“Günay Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 1 milyon 899 min manata çatıb. Yəni, ehtiyatları 1 milyon 306 min manat artıran Bank mənfəət vergisi ödəməyib. 
 

“Günay Bank” ASC  23 noyabr 1992-ci il tarixli 23 Saylı İcazə əsasında fəaliyyət göstərir. Törəmə şirkəti olaraq yalnız "Günay Lizinq" MMC-nin adı çəkilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department