Avtomobil

"Bəzi sığorta şirkətləri avtobusları sığortlamaqdan imtina edirlər"

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən ”Xaliq Faiqoğlu” şirkəti minik avtomobili sahiblərinə müraciət edərək yol-hərəkəti qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağı və qəza şəraiti yaratmamağa çağırır.

 

Şirkətin yaydığı müraciətdə bildirilir ki, son vaxtlar Bakının küçələrində minik avtomobilləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtobusların işinə mane olur, təhlükəli vəziyyətlər yaradırlar. Minik avtomobillərinin manevr qaydalarını pozması, sağdan ötmə əməliyyatı yerinə yetirməsi, maşını qəfil tormozlaması və.s. nəticəsində qəzalar baş verir ki, bu da sərnişinlərin fiziki və psixoloji travma almasına, sığortaya görə, avtobusun qəza baş verən yerdə qalmasına və nəticədə yollarda tıxacların yaranmasına, nəhayət sərnişinlərin soyuq havalarda avtobuslardan endirilərək mənzil başına vaxtında çatmamasına səbəb olur.

 

"Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə şirkətin istismarında olan avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin statistikasına nəzər yetirdikdə  85-90% hallarda qəzaların baş verməsinə səbəb məhz qarşı tərəf, yəni minik avtomobilləri olmuşdur. Nəticədə şirkətə və icbari sığorta təşkilatlarına külli miqdarda ziyan dəymişdir, hadisələr nəticəsində zərərlilik əmsalı yüksəlmişdir. Məhz bu hadisələr səbəbindən bəzi sığorta şirkətləri ictimai nəqliyyat vasitələrini sığortlamaqdan imtina etmişdir.

 

Sərnişinlərimizin təhlükəsizliyini təmin etmək məqsədilə bir daha minik avtomobillərinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik"-deyə müraciətdə bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department