Sənaye

Direktor: Şəhərdə yayılan kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün paytaxtda havada yayılmış kəskin qoxunun analiz nəticələrini açıqlayıb. 

Nəticələrə əsasən ehtimal edilir ki, “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantılar da Böyük Şor gölünə axıdılıb. Rəsmi məlumata görə, son günlər Bakı şəhəri, Abşeron yarımadasında  yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub.

“Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyev bildirib ki, tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı ehtimallar doğru deyil: “Məhsullarımızın 90 faizi yanıb. Biz əraziyə qum tökmüşük və təmizləmə həyata keçiririk. Hazırda ərazi palçıqlıdır. Orada tullantı yoxdur. Bundan əlavə, boya kəskin iyə sahib deyil. Buna görə də, ötən gün şəhərdə yayılan kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur”.

Xatırladaq ki, ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin su nümunəsi üzərində aparıldıqları monitorinq və analizlərin nəticələri məlum olub.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev nəticələrə görə nümunələrin yaşılımtıl rəngli və bataqlıq qoxulu olduğunu deyib.

O bildirib ki, codluq 1.8,  xlorid ionu 15.5,  ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6  dəfə çox qeydə alınıb. 

V.Əliyev qeyd edib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir: "Son günlər Bakı şəhəri, Abşeron yarımadasında  yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)