Azərbaycanın dövlət borcu artıb: ÜDM-in 20,7%-i səviyyəsindədir
1 yanvar 2020-ci il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 870,3 mln. manat və ya ÜDM-in 20,7%-i səviyyəsində qiymətləndirilir. ENA.az xəbər verir ki, ötən bir ildə dövlət borcunun həcmi 2,3% artıb.
“1 yanvar 2020-ci il tarixinə dövlət borcunun 91,6%-i (15 mlrd. 454,7 mln. manat) xarici borc, 8,4%-i (1 mlrd. 415,6 mln. manat) – daxili borcun payına düşüb. Eyni zamanda, ötən il xarici borcun həcmi 1,85%, daxili borc isə 7,2% artıb”, - deyə hökumətin müvafiq sənədində bildirilir.
Həmçinin hesabat ilində yerli (Yerli özünüidarəetmə orqanları -bələdiyyə) büdcələrə cəm olaraq 7,8 milyon manat, o cümlədən onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə 4,7 milyon manat dotasiya, su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı 2,1 milyon manat subsidiya, ilk dəfə olaraq isə 1,0 milyon manat subvensiya ayrılıb.
Hökumətin məlumatına görə, 2019-cu ildə xarici borcun xidmətinə xərclər 885,8 mln. manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 60,4% azdır.
Hökumətin qiymətləndirmələrinə əsasən, 2025-ci ildə dövlət borcunun həcmi $7,7 mlrd. və ya ÜDM-in 14,1%-dək azalmalıdır.