"Mirvari Park"ın sakini özünü binadan atacağını deyir: 30 MİNLİK "PARKOVKA DAVASI" - FOTO+VİDEO
Bu saatlarda - daha dəqiq saat 22:40 radələrində Bakının Yasamal rayonunda yerləşən "Mirvari Park" yaşayış kompleksinin Emin adlı sakini 17-ci mərtəbənin eyvanına çıxaraq özünü atacağını deyir. ENA.az-a bu barədə bina sakinlərindən biri məlumat verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hadisə yerinə gəliblər.
Bina sakinin dediyinə görə, Emini buna vadar edən avtomobili saxlamaq üçün binanın 1 və 2-ci mərtəbəsində olan dayanacaq yerlərinə qoyulan yüksək qiymətdir.
Belə ki, sakinləri karantin rejiminin şərtləri azmış kimi bir də bina rəhbərləri narahat etməyə başlayıblar. Bu çətin günlərdə daha çox qazanmaq məqsədilə "avtomobil dayanacaqlarını alın", - deyə onlara şərt qoyublar. Yaşayış kompleksinin Məcid adlı rəhbəri sakinlərin avtompobilini qarajdan çıxararaq, "həmin yerləri satın alın, ya da avtomobilinizi qoymayacam", - deyib. "Mirvari Park"da bir avtomobilin saxlanması üçün yerin qiyməti isə 20 mindən başlayır və 30 min manata qədər yüksəlir.
Bir ayağı hazırda gipsdə olan Emin adlı sakin isə bu qiymətin baha olduğunu ona vaxt verilməsini istəyib, lakin bina rəhbrəliyi buna etiraz edib.
Qeyd edək ki, "Mirvari Park" yaşayış kompleksi "Gilan Holding"-ə məxsudur. Özünü intihara cəhd edən Emin "Məcid, sizin bu hərəkətlərinizdən yəqin ki, Kəmaləddin müəllimin xəbəri yoxdur. O belə qanunsuzluqlara imkan verməzdi. Bu çətin günlərdə bizi niyə bezdirirsiniz?" - deyə bina rəhbərliyinə çağırışlar edib.
Saat 23:30-a olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Mirvari Park" sakinini özünü intihar fikrindən daşındıra biliblər.