Lənkəranın “limandra” bağları - REPORTAJ
Azərbaycanın cənub bölgəsi əvvəllər çay, limon, mandarin və naringi ilə assosiasiya olunurdu. İndi bu siyahı çox böyüyüb: feyxoa, kivi, hollobonq!
"BI" Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu meyvələrin yetişdirildiyi təsərrüfatlara səfər edib.
Bu ekzotik meyvələrin Lənkəranda, dağ ətəyindəki bağlarda necə yaxşı məhsul verdiyini görəndə şəhərlinin kəndli olmaq həvəsi yaranır. Fermerlər də hesab edirlər ki, dünyadakı istənilən meyvəni Azərbaycanda becərmək olar və bu yerlərin aqroturizm üçün böyük potensialı var.
Dekapon, Siorami, Sumu - Azərbaycanda Hallobonq
Masallı rayonun aqronomu Xalıq Talıbovun sitrus bağlarında mandarinə oxşar, ancaq ölçüsü və çəkisi ondan böyük olan, qlükoza və vitaminlərlə daha zəngin, çox qeyri-adi ətrə malik meyvə yetişdirilir. Adı Hollobonqdur, hazırda yerli bazarda kiloqramı 5-10 manat arasındadır.
Xalıq Talıbov deyir ki, bu meyvə dünyanın cəmi beş ölkəsində yetişdirilir - Yaponiya, ABŞ, Koreya, Fransa və beşinci ölkə Azərbaycandır.
Dünyada bu meyvə Dekapon, Siorami və Sumu adları ilə məşhurdur. Vaxtilə mandarinlə limonu calaq etməyi təklif edən Gülümsərova güldüyümüz halda, yaponlar 1972-ci ildə mandarinlə başqa bir növü calaq edərək, bu meyvəni alıblar və əkməyə başlayıblar. Hazırda bu bağda 10 hektar ərazidə 3 min 791 ədəd ağac əkilib. 2015-ci ildə hər bir ağac üçün məhsuldarlıq 30-40 kq olub.
Aqronomun sözlərinə görə, bu nadir bitkiyə tələbat böyükdür. Mendeleyev dövri sisteminin bütün elementləri hollobonqun tərkibində var. Hollobonq il ərzində 4-5 dəfə məhsul verir, yəni qulluq elə, qış-yay məhsul götür. Əkildiyi vaxtdan 2-3 ilə məhsul verməyə başlayır. 10 ilə tam məhsuldarlığa düşəndən sonra hər bir ağacdan 250 kq meyvə yığmaq olar.
Onun hər bir meyvəsinin diametri 8-10 sm, çəkisi isə 350-650 qram arasında dəyişir. Baxdığımız meyvənin birinin 650 qramdan belə çox olduğunu dedilər, yəni iki Hollobonq minimum beş manatdır deyə, daha çox şəkillərini çəkdik.
“Rusiya ilə bu yaxınlarda müqavilə imzalamışıq, məhsullarımız Rusiya bazarlarına çıxacaq. Rusiyaya 20 min ton Hollobonq göndərəcəyik”.
Kivi, feyxoa bağlarının sahibi müəllimdir
Bağda açılan stolun üzərində nələr vardı: kivinin turşusu, mürəbbəsi, cemi, feyxoanın turşusu, mürəbbəsi, cemi, balqabağın mürəbbəsi.
“Əvvəllər uşaqları yetişdirib tərbiyə edirdim və onların uğurlarını görəndə sevinirdim. İndi isə körpə fidanların məhsuldarlığını görəndə sevinirəm”, - deyən 32 ilin müəllimi Rəftarə Şükürova hisslərini belə ifadə etdi. Müəllimə indi Lənkəranda ən yaxşı fermerlərdən biridir.
Düz dağın ətəyində yerləşən bağın sahəsi 13 hektardır. Onun altı hektarında feyxoa bağı, 3,5 hektarında kivi bağı, üç hektarında taxıl, qalan yarım hektarında müxtəlif meyvə ağacları əkib.
Deyir ki, Avropada, Türkiyədə, qonşu İranda feyxoanı tanımırlar. Onlara bu meyvəni tanıtmaq və ixrac bazarı kimi baxmaq lazımdır.
“Bağın ərazisi böyükdür, gün olur ki, 11-15 kilometri gəzməli olursan. Düzdür, fiziki olaraq bir az çətindir, amma biz həm də zövq alırıq”.
Fermerin yeganə çətinliyi məhsulunu bazar qiymətindən çox ucuz satmasıdır. Onun sözlərinə görə, məhsulu alverçilər çox ucuz alır, halbuki Bakı bazarlarında qiymət bəzən 4-5 dəfə baha olur.
“Bizdən 50 qəpiyə aldıqları feyxoanı Bakı bazarlarında üç manata satırlar. Feyxoa, əsasən, Rusiya bazarına getdiyi üçün 3-5 nəfər bazarı idarə edir, qiymətlər qoyur. Bu ilə qədər 35 ton feyxoa yığmışıq, keçən il səkkiz tona yaxın kivi götürmüşdük, bu il hələ məhsul yığılmayıb”.
Rəftarə Şükürova hazır məhsulun bazarlara çıxarılması üçün ailəsinin başqa planlar düşündüyünü və qonşu ölkələrin bazarlarının satış üçün maraqlı olduğunu vurğuladı.
Qeyd edək ki, kənd təsərrüfatı hazırda Azərbaycanda vergidən azaddır və ən perspektivli sahə hesab olunur. Eyni zamanda, bu sahədə monopoliya zəifdir, ona görə də sahibkarların bir qismi investisiyalarını şəhərdən kəndə daşıyırlar. Bunu Masallı və Lənkəranda gördüyümüz plantasiyaların həcmi və sayı da təsdiqlədi.