Bank

"İqtisadiyyatın güzgüsü"ndə nələr görünür: BANKLARIN 5 AYLIQ VƏZİYYƏTİ

Bank sektoru ölkə iqtisadiyyatının güzgüsüdür. Hazırda bu “güzgüdə” görünən odur ki, sektorun aktivləri azalıb, eləcədə mənfəəti aşağı düşüb. Eyni vəziyyət hazırda ölkə iqtisadiyyatındadır və bəzi sahələrdə vəziyyət daha pisdir.

Beləliklə, 2020-ci ilin beş ayının nəticələrinə görə, Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 260,8 milyon manat təşkil edir, 1 yanvar 2020-ci il tarixinə isə bu göstərici 32 milyard 722,8 milyon manat məbləğində olub. Yəni yanvar-may aylarında bankların aktivləri 4,5% azalıb.

Aktivlərin 14 milyard 361 milyon manatını kredit portfeli təşkil edir, 2019-cu ilin sonu ilə müqayisədə isə burada azalma 3,6%-dir.

2020-ci il iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi kapitallaşması 4 milyard 559,4 milyon manat olub, burada isə azalma 0,5%-dir.

Mayın sonuna bankların öhdəlikləri 5,1% azalaraq 26 milyard 701,3 milyon manat təşkil edib. Eyni zamanda, bankların daxili borclanması artıb və Azərbaycan Mərkəzi Bankına olan öhdəlikləri 397,7 milyon manata yüksəlib. Bu isə 22% artım deməkdir.

Mayın sonuna banklarda depozit portfelinin ümumi həcmi 19 milyard 949,3 milyon manatadək azalıb. Burada kiçilmə 6,5%-dir. Əhalinin əmanətləri 11,3% azalaraq 7 milyard 551 milyon manata düşüb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvar-may aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 314,5 milyon manat təşkil edib. Və bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

Yanvar-may aylarında bankların faiz gəlirləri 799,2 milyon manat olub, bunun 633,6 milyon manatı kreditlərdən daxil olub.

Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 263,1 milyon manata düşüb və burada azalma 45% təşkil edib.

Bu dövrdə bankların faiz xərcləri 10% azalıb və 201,2 milyon manat, depozitlər üzrə 16,7% azalma ilə 130 milyon manat olub. Qeyri-faiz xərcləri isə əksinə 8,9% artaraq 476,4 milyon manat təşkil edib.

Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 360,2 milyon manatdır ki, bu da 3,8% artım deməkdir.

2020-ci ilin yanvar-may aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 380,1 milyon manat olub, 65,7 milyon manat həcmində mənfəət vergisi ödənilib. Mənfəət vergisinin həcmi 2,1 dəfə artıb.

1 iyun 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallı banklardır.

Mayın sonuna bankların 439 filialı, 115 şöbəsi var.

Azərbaycanın bank sektorunda 18,391 min nəfər çalışır və bu göstərici 2019-cu ilin sonu ilə müqayisədə 4,5% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department