İnşaat və əmlak

Azərbaycanda ilk “Yaşıl şəhər” layihəsi Gəncədə - HƏYATA KEÇİRİLƏCƏK

Ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi mənim göstərişimlə Gəncə şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürürük.

ENA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə məlumat verib.

Dövlətimizin başçısı bildirib ki, bu gün kreditlərin götürülməsi ancaq müstəsna hal kimi mümkündür. “Çünki bizim özümüzün kifayət qədər vəsaitimiz var. Mən istəyirəm ki, bizim xarici dövlət borcumuz daha da aşağı düşsün. Baxmayaraq ki, indi də 20 faizin altındadır. Ancaq strateji və texnologiya tutumlu layihələr üçün kreditlər götürürük və bu kreditin götürülməsinə mən icazə verdim. Gəncədə icra ediləcək “Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, - bilirəm, bu məsələ ilə bağlı problem var, - bir də bərk məişət tullantılarının utilizasiyası. İlkin mərhələdə insanları narahat edən bu üç məsələ öz həllini tapacaqdır. Əlbəttə ki, biz bundan sonra da dövlət büdcəsi hesabına bütün lazımi addımları atacağıq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)