İnşaat və əmlak

Türkiyədə əmlak alışı ilə vətəndaşlıq əldə edən 1070 nəfər araşdırılır

Türkiyədə daşınmaz əmlak alışı yolu ilə vətəndaşlıq əldə edilməsinə dair araşdırmada 1070 nəfərin vətəndaşlığı qanunsuz yolla aldığı müəyyən edilib. Həmin şəxslərin vətəndaşlığının ləğvi üçün prosesə başlanıb.

Türkiyə mediasına istinadən xəbər verilir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek sentyabrın 21-də açıqlayıb.

Nazirin sözlərinə görə, araşdırmanın ikinci mərhələsində Türkiyənin tikinti şirkətləri “Gül İnşaat”, “Beyaz İnşaat” və “LİV İnşaat” vasitəsilə xarici vətəndaşlara həyata keçirilən 734 daşınmaz əmlak satışı yoxlanılıb. Onlardan 274-ünün formal xarakter daşıdığı müəyyən edilib. Bu əməliyyatlar əsasında ailə üzvləri də daxil olmaqla 1070 nəfər Türkiyə vətəndaşlığı alıb.

Araşdırma daşınmaz əmlakın dəyərinin sənədlərdə olduğundan yüksək göstərilməsi və investisiya yolu ilə vətəndaşlıq almaq üçün müəyyən edilmiş tələblərin bu üsulla ödənilməsi şübhəsi ilə bağlıdır. Əməliyyatın ikinci mərhələsində 72 şübhəli saxlanılıb, 30 şirkətə qəyyum təyin edilib. Vətəndaşlıqların ləğvi barədə yekun qərar isə hələ açıqlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)