İnşaat və əmlak

Yaşayış və ya torpaq alqı-satqısı zamanı vergi kimdən tutulur?

 Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən vergi kimdən tutulur?

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin müddəalarına əsasən, fiziki şəxslər tərəfindən yaşayış və ya torpaq sahələrinin təqdim olunması zamanı alqı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləğləri satıcıdan tutularaq dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadratmetri üçün 0,5 manat məbləğinə, yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq, Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır.

Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Həmçinin bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi haqqında” 2015-ci il 30 dekabr tarixli Qərarı ilə müəyyən edilmiş zonalardan asılı olaraq həmin maddədə göstərilmiş əmsallar tətbiq edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)