Sığorta

İşsizlikdən sığorta ilə bağlı şərtlər yumşaldılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlayıb.

Nazirlikdən verilən məlumata görə, layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.

Mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı üç il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə bu müddətin üç ildən bir ilədək azaldılması təklif olunur.

Həmçinin, layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.

Həmçinin, işsizlikdən sığorta ödənişinin hesablanması, eləcə də elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də layihədə əksini tapır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department