Sənaye

"Alman şprisləri 1 manata satılır, bizim şprislər 8-10 qəpikdir" - ZAVOD RƏHBƏRİ

“Diamed-Co” şpris istehsalı zavodunun yaradılmasından bir il ötür. Pirallahı Sənaye Parkında yerləşən zavod şpris istehsalı sahəsində nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük istehsal müəssisəsidir. Zavod əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması istiqamətində böyük işlər görüb.

ENA.az xəbər verir ki, zavodun təsisçisi Aytən Quliyeva bildirib ki, Azərbaycan hökuməti ilə müştərək qurulan “Diamed-Co” şpris istehsalı zavodunun açılışında iştirak edən Prezident İlham Əliyev zavodun fəaliyyəti ilə bağlı öz tövsiyələrini verib: “Ötən müddət ərzində biz dövlət başçısının tövsiyələrinə ən yüksək səviyyədə məsuliyyətlə yanaşmağa çalışdıq. Zavod tam olaraq Almaniya və İsveç texnologiyası əsasında qurulub. Pandemiya dönəmində müəssisənin istehsal etdiyi şprislər Azərbaycan dövlətinin adından humanitar yardım olaraq xarici ölkələrə göndərildi. “Diamed Co”nun istehsal etdiyi məhsullar Avropa protokollarına mütənasibdir və iynə ucları Yaponiyanın “Nipro”, xammal isə İsveçrənin “İnyos” şirkətlərinə məxsusdur. Müəssisədə hazırda dörd çeşiddə məhsul istehsal edilir ki, bunlar 2, 5, 10 və 20 qramlıq şprislərdir”

Aytən Quliyeva qeyd edib ki, zavodun illik istehsal gücü 150 milyon ədəddir. Halbuki statistik araşdırmalara görə, Azərbaycanın illik şpris tələbatı 130 milyona bərabərdir.

Zavodun bu günə qədər 40-45 faiz gücü ilə çalışdığını bildirən “Diamed Co”nun rəhbəri yaxın aylarda müəssisənin tam gücü ilə işləyəcəyini diqqətə çatdırıb. Almaniyanın tamamilə eyni texnologiya əsasında istehsal etdiyi şprislər apteklərdə 1 manata satıldığı halda, zavodda istehsal edilən şprislərin satış qiyməti 8-10 qəpikdir. Yaxın gələcəkdə ikinci tibbi məhsul istehsalı zavodunun da açılacağına diqqət çəkən Aytən Quliyeva həyati əhəmiyyətli serum istehsalı zavodunda natrium-xlorid, Ringer və bu qəbildən olan digər tibbi məhsulların da istehsalı ilə bağlı fikirlərini bölüşüb: “Diamed-Co” şpris istehsalı zavodunda yaxın aylarda insulin iynələri, cərrahiyyədə istifadə olunan vazofikslər, vakuumlu kəpənək iynələri və s. istehsalına başlanılacaq. Azərbaycan əhalisinin tələbatı tam ödəndikdən sonra Rusiya, Gürcüstan və digər qonşu ölkələrə də məhsul satmaq planlaşdırılır. Bir sahibkar olaraq apardığım müşahidələrə əsasən deyə bilərəm ki, son illər Azərbaycanda istehsal müəssisələrinin sayında ciddi artım var və prosesin bu şəkildə inkişafı ölkəmizin idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq”.

Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan vətəndaşlarının qarşısında yeni imkanlar açır və artıq bu islahatların nəticələrini hər birimiz öz gündəlik həyatımızda hiss edirik: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uğurlu fəaliyyəti əminliklə söyləməyə əsas verir ki, Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövləti olaraq qarşıda daha böyük nailiyyətlər gözləyir. Yəqin ki, bu gedişlə idxaldan asılılığımız tam şəkildə aradan qalxacaq”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)