MALİYYƏ

Bələdiyyələrə dotasiya 500 min manat azaldılacaq

Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları ilə yeni yaradılan və strukturunda müvafiq dəyişikliklər edilən bir sıra təşkilatlarda maliyyə təminatının həll edilməsi məsələsi üçün 5,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

"BI" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu təşkilatlara Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxs və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxs daxildir:

Nazirin sözlərinə görə, növbəti ilin büdcəsində 256 milyon manat vəsait islahatlarla bağlı xərclər üçün nəzərdə tutulub.

S.Şərifov qeyd edib ki, səsləndirilən təkliflərə əsasən, bələdiyyələrə dotasiya 500 min manat azaldılacaq: “Millət vəkilləri tərəfindən büdcə müzakirələri zamanı səsləndirilən bir sıra təkliflər ənənəyə uyğun olaraq növbəti illərin büdcəsində öz əksini tapacaq. Bütün təkliflərin həyata keçirilməsi üçün 7 milyard manat vəsait tələb edilir. Bu həcmdə vəsaitin büdcəyə əlavə edilməsi isə qeyri-realdır. Bu məsələlər mərhələli şəkildə öz həllini tapacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)