Sosial iqtisadiyyat

Azərbaycanda zərgərlik əşyaları kəskin UCUZLAŞA BİLƏR

Keçən həftə dünya bazarında qızılın qiyməti bahalaşaraq 7 ilin maksimumuna çatıb. ABŞ iqtisadiyyatındakı vəziyyətə dair mənfi proqnozlar fonunda qızılın 1 unsiyası (31 qramı) 1773 dollara satılıb.

Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndəsi Eduard Şamarayevin sözlərinə görə, pandemiya dövründə bütün dünyada investorlar üçün qızıl ən etibarlı yatırıma çevrildi:

"Qızılın qiyməti tarixdə ən yüksək həddə 2011-ci ildə çatıb. Həmin vaxt qızılın unsiyasının qiyməti 1900 dolları keçmişdi. Hazırda qızıla tələbin artması onu deməyə əsas verir ki, qiymətlər 2011-ci ildəki rekordu da qıra bilər. Azərbaycanda isə qızılın qiyməti dünya qiymətlərinə nisbətən aşağıdır. Çünki Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qızıl alğı-satqısının azalmasına səbəb olub. Xüsusilə toy mərasimlərinin təxirə salınması zərgərlik məmulatlarının satışını əhəmiyyətli dərəcədə azaldıb. Bizdə qızıl satışı əsasən iri ticarət mərkəzlərində həyata keçirilir. Karantin qaydaları ilə əlaqədar bu obyektlərin bağlı olması da satışlara mənfi təsir edib".

Eduard Şamarayev əlavə edib ki, zərgərlik sahəsində böyük yeniliklər gözlənilir. Xüsusilə idxal edilən qızıla tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması gözlənilir. Bu da Azərbaycanda qızılın qiymətinin xeyli ucuzlaşacağını deməyə əsas verir: "Hazırda xaricdən gətirilən zərgərlik əşyalarına dövlət gömrük rüsumu 49 faizdir, islahatlar çərçivəsində bu dərəcənin 1 faizə endirilməsi təklif olunur. Bu da idxal edilən qızılın təqribən 50 faiz ucuzlaşacağını deməyə əsas verir. Azərbaycanda əyar palatası ləğv olunub, onun yerinə Türkiyədəki təcrübə əsasında ölkəmizdə də əyar evləri açılacaq. İnsanlar asanlıqla qızıl əşyalarını əyar evlərində yoxladıb sata biləcəklər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)