DSX-nin daha bir zabiti HƏBS EDİLDİ
Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb.
ENA.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Mayın 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.
Bunlar DSX-nin rəis müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.