Bank

Azərbaycan vətəndaşı etibarlı bankı necə seçsin...

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açılamasında vətəndaşların bank seçərkən diqqətli olmadığını deyib. Baş bankir bildirib ki, vətəndaşlar çox vaxt “dostunun-tanışının çalışdığı bank”a üstünlük verirlər”.

Bütün müştərilərin bank işçisi, iqtisadçı olmadığını nəzərə alsaq, bu halda hər kəs yaxşı, yaxud pis bankı necə müəyyən edə bilər? Əgər bank fəaliyyət göstərirsə, bu ona etibar etmək olar anlamına gəlmirmi?


Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ENA.az-a bildirib ki, vətəndaş bank seçən və əmanətlərini yerləşdirən zaman bankın rəsmi internet səhifəsindəki maliyyə hesabatları ilə tanış olmalıdır:

“Xüsusilə maliyyə hesabatlarında gəlir və xərclərə, mənfəət və zərərlə işləyib-işləməməsinə diqqət yetirsinlər. Mərkəzi Bank sədri qeyd etdi ki, maliyyə hesabatlarında olan rəqəmlərin bir qismi reallığı əks etdirmir. Söhbət müvəqqəti inzibatçıların təyin edildiyi banklardan gedir. Sual yarana bilər ki, əgər bu banklarda maliyyə hesabatları doğru deyilsə, vətəndaşlar maliyyə hesabatlarına baxmaqla, qərar verə bilərlərmi? Güman olunur ki, bu halda vətəndaşın Mərkəzi Bank tərəfindən hesabatlılığa nəzarəti güclənəcək. Amma eyni zamanda, vətəndaşlar maliyyə hesabatları ilə yanaşı, həmin bankın auditinin hansı şirkət tərəfindən aparılmasına da diqqət yetirməlidir. Əgər banka audit xüsusilə böyük dördlüyə daxil olan şirkətlər tərəfindən aparılıbsa, bu həmin bankın maliyyə hesabtlılığına inamı xeyli dərəcədə artımış olur”.

 

Deputatın sözlərinə görə, Mərkəzi Bank tərəfindən bankların hesabatlılığına nəzarətin gücləndirilməsi vacibdir:

“Güman olunur ki, əslində 4 bankla müvəqqəti inzibatçı müəyyənləşdirildikdən sonra bu istiqamətdə nəzarət gücləndiriləcək. Həmçinin, əmanət yerləşdirən vətəndaşlar çalışmalıdırlar ki, öz əmanətlərini qorunan əmanətlər paketində yerləşdirsinlər. Çünki bu, nəticə etibarilə həmin əmanətlərin qorunmasını təmin edir. Bank müflis olacağı halda əmanətlərin dövlət tərəfindən qaytarılmasına zəmanət vermiş olacaq. Bank seçimi çox önəmlidir. Audit hesabı ilə yanaşı, bankın digər göstəriciləri, faizlərində də diqqətli olmaq lazımdır. Amma düşünürəm ki, indiki halda audit hesabatı və həmin auditin hansı şirkət tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir ki, vətəndaş seçdiyi bankla bağlı əməkdaşlığını davam etdirə bilsin və bu tip çətinliklərlə rastlaşmasın”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)