Bank

Banklarda şirkətlərin pulları niyə azalır?  

Bankların yanvar-mart ayları ilə bağlı hesabatlarında diqqətçəkən məqamlardan biri bəzi banklarda hüquqi şəxslərin depozitlərində baş verən ərimədir. ENA.az olaraq, bir neçə iri bankda müşahidə edilən bu tendensiyanın səbəblərini araşdırmağa çalışacağıq. Bu pullar xərclərəmi yönəldilib, yoxsa sadəcə banklardan çıxarılaraq kassalardamı saxlanılır? 

“Əriyən hesablar”a nümunələr

Diqqətinizə üç bankın bu ilin yanvar-mart ayları üzrə hüquqi şəxslərin depozit portfelində baş verən kiçilməni təqdim edirik:

“Azərbaycan Beynəlxalq Bankı”nda hüquqi şəxslərin depozitləri  247 milyon azalıb. 

“PaşaBank”ın depozit portfeli 10,7% azalıb, hesabatda depozitlərin tərkibi açıqlanmadığından bunun hüquqi və ya fiziki şəxslərə aid olunduğunu demək çətindir. Amma tendensiyanı nəzərə alsaq, çox güman ki burada da hüquqi şəxslərin payı daha çoxdur.

“Rabitəbank”da bu kateqoriya pullar 41 milyon manat “əriyib”.

Martın son 10 günü?!

Xatırladaq ki, koronavirus pandemiyasının Azərbaycanın bank sektoruna ilk təsirləri neftin qiymətinin kəskin düşməsi fonunda dollara tələbatın artmasıyla oldu. Lakin banklar bu əməliyyatda uduzmadılar, əksinə valyuta mübadiləsindən gəlirlərini artırdılar. 1.700-ə alınan dolları 1.725-1.730 arasında sataraq əlavə marjadan qazandılar. Martın 20-dən sonra isə bütün ölkə əhalisi martın 27-dək bayram tətilinə getdi və martın 23-dən artıq karantin rejimi ciddiləşdi. Yalnız bundan sonra sahibkarlıq subyektlərinin bir qisminin məsələn Binə, Sədərəyin fəaliyyəti tam dayandı. Yəni, mart ayının qalan bir həftəsində bu qədər vəsaitin tükədilməsi özlüyündə inandırıcı deyil.   

Çevik biznes banka pul qoymaz!

Vəziyyətə aydınlıq gətirmək üçün əvvəlcə bank sektorundan əldə etdiyimiz məlumatlara əsaslanaraq fikir yürütməyə çalışacağıq. Əvvəlcə qeyd edək ki, adətən biznesmenlər şirkət adına bankda depozit hesabı açmır. Çünki həmin vəsaiti öz biznesinə yönəldərək daha çox gəlir əldə edə bilər,  nəinki mövcud depozit faizləri ilə banka qoymaqdan. Düzdür, hüquqi şəxslər üçün banklarda depozit məhsulu var və son dövrlərdə bu portfel böyüməkdə davam edirdi, amma danılmaz faktdır ki, çevik biznes bu məhsuldan nadir hallarda istifadə edir. Xüsusəndə bu depozitarlar adətən böyük holdinqlərdən ibarət olur. Yəni, əlində böyük  vəsait toplanır, amma sərmayə yatırmağa əlverişli sahə görmür və ya bunu ümumiyyətlə istəmir. Bu halda pul əlində qalmasın deyə, depozit qoyur. Qoyulan depozitlər də adətən 3-6 aylıq və ya bir illik olur. Ona görə də hazırda banklarda uzunmüddətli kreditlər də yoxdur.

DÖRD SƏBƏBDƏN İKİSİ

Hesabatlarda görünən bu vəziyyət isə onu deməyə əsas verir ki, hesabda qalıqlar azalması baş verir. Bu ilk növbədə onunla bağlı ola bilər ki:

- şirkətlər yeni kredit ala bilmir və ya almağa lüzum görmədən öz hesabındakı vəsaitdən istifadə edir.

- gəlir azaldığından sahibkar bu vəsaiti öz xərclərinə yönəldir: işçilərinə əmək haqqı verir, icarə, kommunal xərclərini ödəyir və s.

- neftin kəskin ucuzlaşması nəticəsində devalvasiya təhlükəsinin yaranması səbəbindən xarici borcların təcili ödənməsi üçün səylərin artması. Bunu yanvarın sonundan martın 20-dək dollara olan yüksək tələbatdan da görmək olardı.  

- bəzi şirkətlər manat hesabındakı vəsaiti çıxarıb dollara çevirərək saxlayıb. 

Bu səbəblərdən isə düşünürük ki, son ikisi daha realdır.

“Hesabda tarazlıq pozulub”

ENA.az olaraq məsələyə kənardan ekspert baxışını da təqdim edirik. İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, mart ayının əvvəlindən bir çox depozitorlar pullarını banklardan geri çəkərək, hansısa formada likvid şəkildə, eyni zamanda valyutada saxlamağa çalışırlar.

Hüquqi şəxslərin hesablarındakı “ərimə”nin digər səbəblərindən biri isə sahibkarların gəlirlərinin azalması və zəifləməsidr. Yəni hesabdakı vəsaitlər məcburi xərcləmələrə sərf edilir.

“Gəlir daxil olmadığı üçün hüquqi şəxsin hesabında tarazlıq pozulur. Əvvəki dövrdə daxilolma daha çox idi, gəlir yaranırdı və hüquqi şəxslərin hesabları artırdı. İndi isə gəlir yaranmır və məcburi xərc öhdəliklərini yerinə yetirmək üçün hüquqi şəxs hesablarındakı vəsaitdən istifadə edir”, -deyən R.Həsənov bu xərclərin siyahısına mal sifarişindən tutmuş, işçilərin əmək haqqlarının, icarənin ödənilməsini aid etdi.

Ekspertin fikrincə aprel və qarşıdakı may-iyun aylarında bu tendensiya davam edəcək və hesabların daha da kiçilməsinin şahidi olacağıq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı