Azərbaycanda yeni sürücülük vəsiqələri – Yenidən imtahan verməyə gərək var?
Nazirlər Kabineti nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edib.
Baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.
Sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə - 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə - 19 yaşdan, “CE” kateqoriyası üzrə - 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə - 23 yaşdan, “D1E” altkateqoriyası üzrə - 25 yaşdan veriləcək.
Bəs yeni qərar sürücülük vəsiqələrinin verilməsində hansı qaydaları dəyişəcək?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, prosesdə ciddi dəyişiklik olmayacaq:
"Bu qərar prosesdə texniki xarakterli dəyişikliklər edəcək. Əsas məqsəd Azərbaycanda sürücülük vəsiqələri və onların verilməsi qaydalarını, sürücülük vəsiqələrinin məzmununu Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır. Həmin dəyişikliklər 2004-cü ildə olmuşdu və 2011-ci ildə qüvvəyə minmişdi. Bu ilin əvvəlində Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edildi. Nazirlər Kabinetinin qərarı da indi həmin qanuna uyğunlaşdırılır. Qərara görə, gələn il yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanacaq. Yeniliklərdən biri odur ki, həmin vəsiqələrdə altkateqoriyalar olacaq".
Ə.Hüseynov qeyd edib ki, yeni qaydalara görə, sürücülük vəsiqələrinin məzmununda dəyişiklik olacaq: "Azərbaycanda verilən sürücülük vəsiqələrində hərflərlə bağlı texniki problem var idi. Kateqoriya hərfləri arasında latın hərfləri olmayan hərflər var idi. Buna isə bəzi dövlətlərdə irad tutulurdu".
Ekspert deyib ki, sürücülük vəsiqələrində altkateqoriyaların tətbiqində də xüsusi yenilik yoxdur:
"Dəyişikliyə görə, sürücü əgər avtobus idarə etmək istəyirsə, birdəfəlik "D" kateqoriyalı sürücülük vəsiqəsi ala bilər və ya "D1" kateqoriyası alıb kiçiktutumlu avtobus sürə bilər. Digər yenilik isə sürücülük vəsiqəsinə əlavə edilən "B1" kateqoriyası ilə kvadrosikl nəqliyyat vasitəsini idarə etmək hüququdur. Bu vaxta qədər bu nəqliyyat vasitəsini idarə etmək üçün bizdə heç bir kateqoriya, heç bir anlayış yox idi. Amma indi həmin nəqliyyat vasitəsini idarə etmək üçün sürücünün "B1" kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Bu vaxta qədər kvadrosiklların idarə edilməsi ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulmamışdı. Dəyişikliyə görə, "B" kateqoriyası olan sürücü də kvadrosiklları idarə edə bilər".
Kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir.
Ə.Hüseynov bildirib ki, yeni qərar köhnə sürücülük vəsiqələrinin qüvvədən düşməsi və ya etibarsız sayılması demək deyil: "Köhnə vəsiqələr olduğu kimi qüvvədə qalacaq. Amma kimsə istəsə, gələn ildən sürücülük vəsiqəsini dəyişib yeni vəsiqə ala bilər. Yaxud əgər kiminsə sürücülük vəsiqəsinin vaxtı bitirsə, dəyişəndə yeni sürücülük vəsiqəsi ala biləcək. Buna görə sürücülərin yenidən imtahan verməsi lazım deyil. Həmçinin altkateqoriyalara görə imtahan verməyə ehtiyac yoxdur. Yəni, məsələn, "B" kateqoriyalı vəsiqəyə malik şəxslər "B1" altkateqoriyalı sürücülük vəsiqəsi əldə etmək üçün imtahan verməyəcəklər".
Xatırladaq ki, Nazirlər Kabinetinin yeni qərarına görə, C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulur.
Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).