Sənaye

Neft Fondu yenə büdcənin xilaskarı oldu: XƏRCLƏR AÇIQLANDI

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-mart ayları ərzində büdcəyə 4 697,8 milyon manat ödəyib. Xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilib. Belə ki, ölkənin valyuta bazarında xarici valyutaya artan tələbin qarşılanması məqsədilə 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 2 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, bunun müqabilində 4 712,1 milyon manat vəsait əldə edilib. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat, o cümlədən vaxtından əvvəl 1 793,5 milyon manat vəsait transfer edilib. Eyni zamanda 60,9 milyon manat məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Bu müddət ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 5,9 milyon manat təşkil edib.

Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 2 148,6 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar xərci kimi 281,1 milyon manat təşkil edib.

Beləliklə vaxtından əvvəl transfert ödənişləri, habelə ARDNF-nin investisiyalarının bazar dəyərində qeydə alınan qısamüddətli dəyişkənlik nəzərə alınaraq 2020-ci ilin birinci rübünün sonuna ARDNF-nin aktivləri 41 349,5 milyon ABŞ dollarına bərabər olub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)