Paytaxtdakı “MilliÖn” terminalları niyə işləmir? - AÇIQLAMA
Bəzən sərnişinlər “BakıKart”a ödəniş edərkən pulun balansa yüklənmədiyindən gileylənirlər. Bu dəfə isə şikayət “MilliÖn” terminallarının işləməməsindəndir.
Bu barədə sərnişinlər tərəfindən məlumat verilib.
Bildirilib ki, paytaxtın əksər istiqamətlərində, eləcə də metronun “Qara Qarayev” stansiyası yaxınlığında dayanacaqlarda quraşdırılan “MilliÖn” terminalları işləməyib.
Bəs terminallarda yaranan problemin səbəbi nədir?
Məsələyə aydınlıq gətirmək üçün “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq.
ENA.az Oxu.az-a istinadən xəbər verir ki, Mövzu ilə əlaqədar açıqlama verən Ülviyyə Əfəndiyeva sözügedən problemlərin yaşana biləcəyini qeyd edib:
“Ümumiyyətlə paytaxt ərazisində quraşdırılan “MilliÖn” terminalları ştat rejimində necə işləyirdisə, hazırda da o şəkildə çalışır. Texniki problemlər isə mövcud vəziyyətdən asılı olmayaraq, hər zaman yaşana bilər. Bizim texniki şöbənin işçiləri 24 saat ərazilərdəki terminallara baxış keçirir.
Sistemli olaraq bütün terminallarımızın fəaliyyətini izləyə bilirik. Hər hansı problem yaranan zaman həmin an olmasa da, planlı şəkildə həmin məkanlara texniki dəstək göndərilir və mümkün qədər qısa zamanda problem aradan qaldırılır. Terminallarımızın günlərlə işləməməsi və ya texniki cəhətdən nasaz vəziyyətdə qalması mümkün deyil”.
Ü.Əfəndiyeva “Qara Qarayev” metrostansiyası yaxınlığında quraşdırılan “MilliÖn” terminallarının fəaliyyətində qısa müddətlik texniki problemin olduğunu təsdiq edib:
“Bildirmək istəyirəm ki, yaranan problem qısa müddət ərzində aradan qaldırılıb. Əməkdaşlarımız həftənin altı günü işləyir. Ola bilər ki, qeyri iş günləri (bazar günü) paytaxt ərazisində quraşdırılan “MilliÖn” terminallarından hər hansı birində problem yaransın. Bu, sistem vasitəsilə görünür və qeydə alınır. Həftənin ilk iş günü texniki şöbənin əməkdaşları ilk olaraq həmin ərazilərdəki terminallara baxış keçirərək, yaranan problemi aradan qaldırırlar”.