OPEC+ iclası öncəsi neftin qiyməti yüksəldi
Çərşənbə günü səhər saatlarından hasilatın azaldılması üzrə yeni OPEC+ sazişinin əldə olunması ümidi ilə dünyada neft qiymətləri yüksəlir.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş tutan sövdələşmələrin nəticəsi sübut edir.
Belə ki, fevralın 8-i Bakı vaxtı ilə səhər saat 9-a olan məlumata görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 2,51% artaraq bir barelə görə 32,67 ABŞ dolları, WTI markalı neftin may fyuçersləri isə 5,76% artaraq 24,99 ABŞ dolları səviyyəsinə yüksəlib.
Bazar iştirakçıları OPEC+ cümə axşamı keçiriləcək iclasının mart ayının əvvəlində baş tutan görüşdən daha uğurlu olacağını gözləyirlər. OPEC+ aprelin 9-da bazarda vəziyyətin sabitləşməsi üçün neft hasilatında mümkün azalma məsələsini müzakirə etməyi planlaşdırır.
Martın əvvəlində alyansda bu cür müzakirələr uğursuzluqla yekunlaşmışdı. Nə Rusiyanın OPEC+ sazişini sadəcə uzatmaq təklifi, nə də Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını gündə daha 1,5 milyon barel “dərinləşdirmək” fikri ətrafında konsensusa gəlinməmişdi. Nəticədə saziş aprelin 1-dən qüvvədən düşüb.
OPEC+ iclasından əvvəl nikbinlik yaradan məqamlardan biri də Amerika Neft İnstitutunun (API) statistikasıdır. Belə ki, rəqəmlər ABŞ-da son bir həftə ərzində neft ehtiyatlarının 11,9 milyon barelə yüksəldiyini göstərir. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları isə axşam dərc olunacaq. Analitiklər qurumun ehtiyatların 9,2 milyon barel artdığını bildirəcəyini güman edirlər.