Aqrar

“Ətin qiyməti o halda ucuzlaşa bilər ki...” - MÜSAHİBƏ

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Həsən Quliyev Azərbaycanda heyvandarlığın inkişafı, daxili tələbat və qiymətlərlə bağlı sualları cavablandırıb.

- Həsən müəllim, hazırda Azərbaycanda heyvandarlığın inkişafı hansı səviyyədədir? İllik ət və süd istehsalı nə qədərdir?

- Azərbaycanda hazırda təqribən 2.7 milyon iribuynuzlu, 8.5 milyon xırdabuynuzlu heyvan var. Heyvandarlıq əsasən ekstensiv şəkildə inkişaf edib. Heyvanların cins tərkibində yerli və qeyri-məhsuldar heyvanlar üstünlük təşkil edir. İllik ət istehsalı 316 min tondan, süd istehsalı isə 2 milyon tondan artıqdır. 

- Nazirlik intensiv heyvandarlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirir. Səbəbləri maraqlıdır...

- Heyvandarlığın ekstensiv inkişaf etməsi yemin və örüş-otlaq ərazilərinin qeyri-səmərəli istifadəsinə, məhsuldarlığın aşağı düşməsinə, südün keyfiyyətinin az olmasına, emal sənayesinə yetərli xammalın təmin edilə bilməməsinə yol açır. İntensiv təsərrüfatlar isə həm yemə qənaət edilməsinə, həm torpaqların səmərəli istifadəsinə, həm istehsal həcminin artmasına, həm də emal sənayesinin inkişafına təkan verəcək.

- Hazırda ölkəmiz ətə olan tələbatının neçə faizini daxili istehsal hesabına ödəyə bilir?

- Bütün növ ət və ət məhsulları ilə 84.7%, mal əti ilə 86.3%, qoyun və keçi əti ilə 98% təmin edir.
- Bəs, bu faizin artırılması üçün hansı addımlar atılır?

- 2019-2023-cü illərdə heyvandarlığın intensiv inkişafı və örüş-otlaq ərazilərindən səmərəli istifadəyə dair Dövlət Proqramı hazırlanma mərhələsindədir. Bu proqramda heyvandarlığın intensiv inkişaf etdirilməsi ilə ət və süd üzrə özünütəminat səviyyəsinin yaxşılaşdırılması əsas hədəflər arasında yer alır.
- Qeyd etdiyiniz rəqəmlərdə ətə olan tələbatın ödənilməsində 100 faizlik təminat yoxdur. Tələbatı tam qarşılamaq üçün hansı ölkələrdən ət idxal edilir?

Əsasən MDB ölkələrindən, xüsusilə Rusiya, Ukrayna, Belarus və s.

- Təxminən 3 il əvvələ-2015-ci il devalvasiyalarınadək mal əti 7 manat 50 qəpiyə, quzu əti 9 manata təklif edilirdi. Bahalaşma getdikcə bu, ət və ət məhsullarından da yan keçmədi. Bu gün mal əti 10 manat 50 qəpikdən, quzu əti 12-13 manatdan təklif edilir....

- Devalvasiya normal olaraq xaricdən idxal edilən malların qiymətinin 2 dəfədən artıq yüksəlməsinə səbəb oldu. Bu həm də yem qiymətlərinin artması demək idi. Nəzərə alaq ki, Azərbaycan yem bitkiləri ilə özünü tam təmin edə bilmir. Bu zaman belə qənaətə gəlmək olar ki, ətin qiymətinin yüksəlməsində ən mühüm faktorlardan biri yem qiymətləridir. Həmçinin, istehsalçıların digər xərclərinin artması da ətin qiymətinin artmasına stimul vermiş ola bilər. 

- Eyni zamanda ət və ət məhsullarının bahalaşma səbəbi kimi örüş və otlaqlarda pambıq əkilməsi, ət istehsalının azalması əsas gətirilir... Bununla bağlı fikirləriniz maraqlıdır?

- Onu diqqətə çatdırmaq istəyirəm ki, ölkədə örüş və otlaq ərazilərində yüklənmə vardı. Belə ki Azərbaycanda heyvandarlığın inkişafı əsasən ekstensiv üsulda olub. İri buynuzlu və xırda buynuzlu heyvanların sayı artsa da bu, heyvanların məhsuldarlığı artmayıb. Əgər ekstensiv üsulla digər inkişaf etmiş ölkələrdə bir iri buynuzludan illik 7.5 ton süd alına bilirsə, bizdə bu rəqəm 1.5 ton ətrafındadır. Ölkədə iri buynuzlu və xırda buynuzlu heyvanların sayı 11 milyon etrafındadır Dövlət Statistika kömitəsinin verdiyi məlumatlara əsasən, bu da onu göstərir ki mövcud vəziyyətdə ölkədəki örüş və otlaq əraziləri həmin rəqəmin sadəcə 30% ni qarşılayır. Pambıq əkini ilə örüş otlaq ərəziləri arasında əlaqə yoxdur. Yəni “pambıq əkildiyi üçün örüş ərazilərində heyvandarlıqda geriləmə olub” düşüncəsi yalnış yanaşmadır. Sadəcə yem təminatında bahalaşma buna səbəb ola bilməkdədir ki, ölkəmiz dənli bitikilər idxalatçısıdır. Əgər bu məhsulların qiymətinin valyutaya indeksli olduğunu düşünsək, ölkə valyutasının ucuzlaşması burda əsas səbəblərdən biridir.

- Mətbəxdə ət xörəklərinə üstünlük verən bir xalqıq. Ətin bahalaşması insanları kifayət qədər narahat edən məsələdir. Gələcəkdə ətin qiymətinin ucuzlaşdırılması istiqamətində konkret addımların atılması nəzərdə tutulubmu?

- Ətçiliklə bağlı əsas hədəf hələ ki, özünütəminat səviyyəsinin yüksəldilməsidir. Ət qiymətləri barədə müzakirələrə idxaldan asılılıqdan azad olduqdan sonra başlamaq daha məqsədəuyğundür. Bununla belə qeyd etmək lazımdır ki, ət istehsalının artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin ət qiymətlərinin azalmasına da səbəb olacağı gözlənilir.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)