Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
ENA.az xəbər verir ki, məlumatda deyilir:
Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb.
Vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir.
Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.
Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunan vaxtda keçidi həyata keçiriləcək.
Sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər.
Xaricdə olan vətəndaşların Azərbaycana qayıtması müəyyən olunmuş karantin məntəqələrinin qəbuletmə imkanları və ölkə daxilində karantinə alınmış şəxslərin say nisbəti nəzərə alınaraq tənzimlənir.
Bütün dünyanı bürüyən qlobal pandemiya şəraitində vətəndaşları təmkin və anlaşıqlıq göstərməyə, ölkədaxili karantin tədbirlərinə dəstək olmaq məqsədilə olduqları ölkələrin müəyyən etdiyi karantin və özünü təcrid qaydalarına riayət etməyə və səfərlərdən çəkinməyə çağırırıq.